Siyasət
İrəvan sülhə can atırmı? (ŞƏRH)
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi tezliklə imzalanmalıdır".
Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib. O, ötən ilin sonunda bu sənədin imzalanması üçün imkanın mövcud olduğunu xatırladıb.
Sülh sazişinin imzalanması nə dərəcədə realdır və erməni siyasi elitasının bu barədə daha tez-tez danışması hansı prosesin xəbərçisidir?
Siyasi şərhçi Azər Hüseynov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Ermənistanın mövcud hakimiyyətində bir qanad açıq anti-Rusiya xətti tutur:
"Bu qrupun əsas simalarından biri də Alen Simonyandır. Ermənistan siyasi elitasında daha bir qanad isə gizli təsir agentlərindən ibarətdir. Onlar fikirlərini daha ehtiyatlı ifadə edirlər. Paşinyanı da bu qanada aid etmək olar. Birincilər hesab edirlər ki, sülh müqaviləsi nə qədər tez imzalanarsa, Ermənistandan Rusiya daha tez uzaqlaşa bilər. Lakin Ermənistanda Rusiyanın varlığı ancaq Azərbaycanla bağlı deyil. Təbii ki, Azərbaycana da sülh lazımdır. Amma strateji hədəfləri olan sülh lazımdır. Ermənistana isə tələsik sülh lazımdır".
Ekspert vurğulayıb ki, sülh sazişinin yaxın zamanlarda imzalanma ehtimalı azdır:
"Lakin artıq sülhün detalları qurulur. Bir də bir reallıq var. Regionun digər oyunçularının, Türkiyə, Rusiya və İranın ata biləcəyi addımlar təhlil edilməlidir. Digər yan amillər isə prosesə birbaşa deyil, dolayısı ilə təsir edir".
Azər Hüseynov bildirib ki, Azərbaycan diplomatiyası erməni istiblişmentindəki ziddiyyətlərdən ifaydalana bilir:
"Ermənistan xarici siyasətinin diplomatik trafikləri ciddi nəzarət altında olmalıdır. Ermənistanın iqtisadi nəfəsliyi Türkiyə tərəfdən qəti bir şəkildə açılmamalıdır. Rusiya-Ermənistan münasibətlərindəki gərginlikdən istifadə edilməlidir. Avropaya da neft-qaz asılılığı xatırladılmalıdır. Azərbaycan lobbi fəaliyyətlərini gücləndirməlidir. Bir sözlə, zaman Bakının xeyrinə işləyir".
Qeyd edək ki, son günlər Qərb mətbuatı Azərbaycan və Ermənistan arasında qeyri-müəyyənlik probleminin daha da dərinləşdirməsini vurğulayır. Onların yazdığına görə, əgər tərəflər diplomatik həll yoluna gələ bilmirlərsə, danışıqlar masasında əldə edə bilmədikləri şeyi güc yolu ilə əldə etmək hər zaman şirnikləndirici olacaqlar.
Siyasət şöbəsi