Siyasət
COP29-a qədər sülh sazişi imzalana bilər... - Ekspert
"Noyabra qədər Azərbaycanla Ermnistan arasında çərçivə sülh sazişinin imzalanması real görünür".
Bunu Qaynarinfo-ya açıqlamasında "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Bakıda keçiriləcək COP29-a qədər sülh sazişinin imzalana biləcəyi barədə son zamanlar rəsmi səviyyələrdə səslənən fikirləri şərh edərkən deyib.
Mehman Əliyev bildirib ki, son zamanlar proseslər sürətlənib:
"Tərəflər artıq az qala hər gün sərhəd boyu neçə sərhəd dirəyinin basdırılması barədə xəbərlər yayır. Bununla onu göstərmək istəyirlər ki, proses gedir. Ərazi bütövlüyünün tanınması məsələsində sərhəd məsələsi çox vacibdir. Ona görə də sözügedən istiqamətdə gedən proseslər, danışıqlar, vasitəçilərin aktivliyi onu göstərir ki, belə bir sazişin imzalanması yaxın zamanlarda mümkündür".
Həmsöhbətimizin fikrincə, indiki vəziyyətdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması məkanı nə Qərb, nə də Rusiya olacaq:
"Belə bir məkan rolunda Almatı şəhərinin çıxış etməsi ehtimalı daha böyükdür".
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi son mətbuat konfransında cari ilin noyabrınadək Azərbaycanla sülh müqaviləsinin imzalanması ideyası ilə razı olduğunu dilə gətirib. Paşinyanın sözlərinə görə, bu məqsədə çatmaq üçün danışıqlar zamanı razılaşdırılmış bütün prinsipləri sənəddə qeyd etmək lazımdır.
Xatırladaq ki, bu fikri ilk olaraq Böyük Britaniyanın baş naziri Rişi Sunak səsləndirib. O bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi noyabr ayına - COP29 tədbirinə qədər imzalana bilər. Daha sonra Bakıdan bunun mümkünlüyü haqqıda açıqlamalar gəldi.
Prezident İlham Əliyev COP29-la bağlı ADA-da keçirilən beynəlxalq forumda bildirdi ki, COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında ən azı baza prinsipləri ilə bağlı razılaşmanın əldə olunması tamamilə realdır.
Rüfət Sultan