Siyasət
"Bu gün Almatıda bu məsələlər razılaşdırıla bilər" - Politoloq
"Çərçivə sülh sazişinin mətninin razılaşdırılması mümkündür”.
Bunu Qaynarinfo-ya açıqlmasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycan və Ermənistan XİN rəhbərlərinin bu gün Almatıda olacaq görüşünü şərh edərkən deyib.
Tofiq Zülfüqarov vurğulayıb ki, Almatı danışıqlarının əsas mövzusu çərçivə sülh sazişi layihəsinin müzakirəsidir:
"Bununla əlaqədar olaraq 9 müzakirə baş tutub. Ermənistan çalışır ki, 1991-ci ilin "Almatı bəyannaməsi"nə uyğun hansısa bənd sazişə salınsın. Amma bir səhifəlik "Almatı bəyannaməsi”ndə sərhədlərə aid heç bir fikir söylənilmir. Bu bəyannamədə sovet dövründə mövcud olan sərhədlər əks olunub".
Tofiq Zülfüqarov deyib ki, görüşdə digər məsələlər də müzakirə oluna bilər:
"Çünki çərçivə sazişi kənarında qalan bir sıra məsələlər də var. Sərhədlərin müəyyən olunmasına aid xüsusi danışıqlar aparılır, kommunikasiyaların bərpası da ayrı bir danışıqlar predmetidir. Bunlar yekun sülh sazişinə aid mövzulardır. Amma çərçivə sülh sazişi daha çox ilkin bəyanata oxşar sənəddir. İndi onun üzərində iş gedir və ehtimallara görə bəlkə də payıza qədər həmin sənəd razılaşdırılıb qəbul olunacaq".
Almatı görüşünün nəticələrinə gəlincə, həmsöhbətimiz üfiqdə hər zaman ümidin olduğunu deyib:
"Çərçivə sülh sazişi mətni üzərində razılaşma prosesinə ümid bəsləmək olar".
Qeyd edək ki, bu gün Almatıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçiriləcək. Azərbaycanla Ermənistan arasında sərhəddə bəzi ərazilərin delimitasiyası istiqamətində razılaşmanın əldə olunması fonunda Almatı görüşünə böyük ümidlər bəslənilir.
Rüfət Sultan