Siyasət

Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşdü – YENİLƏNİB/FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstan Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.  Azərbaycan XİN-dən Bizim.Media-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan və Qazaxıstan arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə sülh prosesinin hazırkı durumu müzakirə olunub.  Azərbaycanın xüsusilə son dövrlərdə Mərkəzi Asiya ölkələri, o cümlədən Qazaxıstanla genişlənən yüksək səviyyəli münasibətlərdən məmnunluq ifadə olunub.  İqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar və s. istiqamətlər üzrə ikitərəfli tərəfdaşlıqla yanaşı, regional və beynəlxalq platformalar, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın geniş perspektivlər vəd etdiyi diqqətə çatdırılıb.  Cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri ilə bağlı qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, COP29-un öz növbəsində əməkdaşlıq üçün yeni platforma olduğunu qeyd edib.  Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, imkan və çağırışlardan bəhs edən nazir Ceyhun Bayramov, Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh prosesinin irəliləməsi istiqamətində göstərdiyi dəstək və fəallığa görə Qazaxıstan tərəfinə təşəkkür edib. Delimitasiya komissiyaları arasında əldə olunmuş son razılığın fonunda bugünkü danışıqların da öz növbəsində prosesə töhfə verəcəyinə dair inam ifadə olunub. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.  *** 13:06 Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana işgüzar səfəri çərçivəsində Qazaxıstanın Baş nazirinin müavini, Xarici İşlər Naziri Murat Nurtleu ilə görüşüb.  Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.  Bildirilib ki, tərəflər iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyini, iqtisadiyyat, enerji təhlükəsizliyi, investisiyalar və əlaqə kimi müxtəlif sahələrdə strateji tərəfdaşlığın perspektivlərini müzakirə ediblər:  "Ceyhun Bayramov həmsöhbətinə münaqişədən sonrakı normallaşma prosesi ilə bağlı Azərbaycanın təşəbbüsləri və mövqeyi barədə məlumat verib".  Bizim.Media