Siyasət

"Milli Məclisin yeni tərkibində ciddi dəyişiklik olacaq" - Qulamhüseyn Əlibəyli

"Növbəti parlament seçkilərindən sonra Milli Məclisin tərkibində ciddi dəyişiklik olacaq".   Bunu Qaynarinfo-ya açıqlamasında siyasi analitik Qulamhüseyn Əlibəyli bu il ərzində keçiriləcək parlament seçkilərindən gözləntiləri barədə danışarkən deyib. Qulamhüseyn Əlibəyli vurğulayıb ki, parlamentin işində də müəyyən dəyişiklik olmalıdır: "İndi əsas mövqe odur ki, nisbətən gənc nəslin nümayəndələri irəli çəkilir. Hazırkı parlamentdə müəyyən deputatlar var ki, yaşları çoxdur və uzun müddət parlamentdə təmsil olunublar. Ən azından hakim partiya tərəfindən seçiləcək şəxslər nisbətən gənc adamlardan ibarət olacaq. Yarı nisbətində parlamentin tərkibində müəyyən dəyişikliklər olacaq".  Həmsöhbətimizə görə, parlament seçkiləri sentyabr ayında keçirilə bilər: "Konstitusiyanın tələbinə görə parlament seçkiləri noyabr ayında keçirilməlidir. Amma noyabr ayında Bakıda beynəlxalq əhəmiyyətli tədbir olacaq. Bununla bağlı Azərbaycan 100 minə yaxın qonaq gözləyir. Bu səbəbdən güman ki, parlament seçkiləri qabağa çəkiləcək. Bu barədə MSK sədri də öz mövqeyini bildirib. Güman edirəm ki, növbəti parlament seçkisi sentyabrda olacaq. Hər halda seçki önə çəkiləcək".  Ekspert müxalifətin də parlament seçkilərində təmsil olunmaq şanslarına malik olduğunu düşünür: "Prinsip etibarı ilə müxalifət daxilində də müəyyən dairələrdə qalib gəlmək şansı olan xeyli sayda namizədlər var. İsa Qəmbərin Müsavat Partiyası başqanlığına qayıdışı da həmin təşkilatın fəaliyyətinin canlanmasına səbəb olacaq. İsa Qəmbərin qayıdışı ümummüxalifətin də güclənməsi, konsolidasiyasına səbəb ola bilər. Lakin seçkilərdə qalib gəlmək şansı olan müxalifət nümayəndələrindən kimlərin mandat alıb-almaması daha çox hakimiyyətin iradəsindəna asılı olacaq". Qulamhüseyn Əlibəyli deyib ki, proporsional seçki sisteminin yaxın gələcəkdə bərpa olunacağını düşünmək yersizdir: "Onun bərpası əhəmiyyətli hadisə olar. Lakin yeni konfiqurasiya deyilən siyasi konfiqurasiya yaransa da, partiyaların əksəriyyəti bu seçki sisteminin bərpasına hazır deyil. Partiyalar arasında müəyyən canlanma müşahidə edilir. Amma YAP daxil heç bir partiyanın siyasi proseslərə aparıcı təsiri yoxdur. Siyasi prosesləri daha çox siyasi bürokratiya həll edir. Beynəlxalq aləmdə Azərbaycana təzyiqlər var. Hələ ki, Ermənistanla münasibətlər tam şəkildə öz həllini tapmayıb, sülh müqaviləsi bağlanmayıb. Belə şəraitdə indi deyil, yəqin ki, 3-4 ildən sonra keçiriləcək parlament seçkiləri gündəmə gələndə proporsional seçki sisteminin bərpası da gündəmə gələcək".  Ekspertə görə əsaslı islahatların keçirilməsi məsələsi də indilikdə gündəmdə olmayacaq: "Nazirlər Kabinetinin ləğvi, yerli icra hakimiyyətlərilə bağlı məsələlər referenduma çıxarılmalıdır. İndiki halda referendumun keçirilməsi bir o qədər də uğurlu variant deyil. Bununla belə, həmin məsələ də daim gündəmdədir. Yerli icra hakimiyyətləri ya ləğv olunacaq, ya da səlahiyyətlərinin bir hissəsi bələdiyyələrə veriləcək. Bələdiyyələrin də dövlət hakimiyyət orqanları sisteminə qəbul olunması məsələsi vacibdir. Lakin indiki dövrdə buna getmək mümkün deyil. Müəyyən siyasi dəyişikliklər də ola bilər. Məsələn, parlamentin rolunun gücləndirilməsi məsələsi strateji hədəflərdəndir. Lakin yaxın zamnda daha dərin siyasi islahatların keçiriləcəyini güman etmirəm".  Qeyd edək ki, Azəraycanda noyabra qədər növbəti parlament seçkilərinin keçirilməsi ehtimalı günü-gündən artır. Artıq siyasi camiyədə bu istiqamətdə müəyyən canlanma hiss olunur. Siyasi partiyalar öz fəaliyyətlərini indi əsasən məhz parlament seçkisinə kökləniblər.  Rüfət Sultan