Siyasət
"Almatı formatı digər modellərdən üstündür" - Ekspert
"Dövlətlərarası münasibətlərin qurulmasına dair ikitərəfli sülh sazişi layihəsi üzərində ciddi irəliləyiş əldə olunacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Almatı görüşünü şərh edərkən deyib.
Ekspert bildirib ki, Almatı görüşünün əvvəlki danışıqlardan əsas fərqi XİN rəhbərlərilə yanaşı, hər iki ölkə başçısının səlahiyyətli nümayəndələrinin də danışıqlarda iştirakıdır:
"Tərəflər arasında sülhün yaranması və dövlətlərarası münasibətlərin qurulmasına dair ikitərəfli saziş layihəsi üzərində iş aparılır. Bu saziş layihəsinin razılaşdırılması gözlənilən sülh prosesinin yaxın gələcəkdə reallaşmasına gətirib çıxara bilər. Ermənistan XİN rəhbərinin açıqlaması da göstərir ki, artıq onlar da münasibətlərin irəli aparılmasında maraqlıdır. Hesab edirəm ki, ciddi irəliləyiş əldə olunacaq. Digər anklav kəndlər məsələsi də müzakirəyə açıq vəziyyətdədir".
Politoloq Azər Qasımov isə bildirib ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Almatı görüşünü tarixin ironiyası adlandırmaq olar:
"Bir sıra tarixi proseslərin Qazaxıstanda nəticəyə varması gerçəyi mövcuddur. Qazaxıstanın 1991-ci ildə sovet imperiyası dağılanda sərhədlərin mövcud sərhədlər daxilində müəyyənləşməsindən tutmuş, Azərbaycan və Ermənistan arasında atəşkəs müqaviləsinin imzalanmasına kimi xüsusi yeri olub. İndi də iki ölkə arasında sülh müqaviləsinin Almatıda imzalanma ehtimalının böyük olması bu tarixi ironiyanın məntiqi sonluğu ola bilər".
Həmsöhbətimizin fikrincə, bu görüş sülh müqaviləsi üçün danışıqlara start verməsi ümidlərini artırır:
"Hesab etmək olar ki, proses doğru istiqamətdə davam edir. Qazaxıstan bu prosesdə neytral ölkə kimi ancaq məkan təklif etməklə tərəflərin sərbəst və ikitərəfli görüşünü təşkil etmək missiyasını öz üzərinə götürür. Bu da danışıqlar üçün yaxşı mühit yaradır. Əslində, ikitərəfli danışıqlar sülh müqaviləsi imzalamaq üçün ən məqbul yoldur. Son nəticənin alınmasından sonra özünün bu məsələdə iştirakını vacib hesab edən və tərəflərin özlərinin məqbul hesab etdiyi ölkələri müqaviləyə qarant ölkələr kimi dəvət edə bilərlər".
Ekspertə görə, Qazaxıstan görüşü tərəflərin bir-birilərindən nə istədiklərini öyrənmələri baxımından da əhəmiyyətlidir:
"Sülh üçün Azərbaycanın tələbləri beş prinsiplə elan edilib. Pərdəarxası nüanslarda isə zatən nəyin müzakirə olunduğu geniş bəlli deyil. Təzminat məsələsi, Ermənistanın silahlanmasına nəzarət, Ermənistan konstitusiyasının məlum bəndlərinin dəyişdirilməsi və s. kimi".
Bununla yanaşı, ekspert hesab edir ki, görüşdən tezliklə nəsə gözləmək doğru olmaz:
"Almatı formatı daha yenidir. Təbii ki, bu format gələcək görüşlərdən asılı olaraq nəticəyə çata bilər. İlk növbədə tərəflərdə bunun üçün səmimi istək olmalıdır. Əks halda hansısa formatın əhəmiyyəti olmayacaq. Amma proseslərin gedişi, dövlət başçılarının verdikləri bəyanatlardan hesab etmək olar ki, bu formatdan nəticə almaq ehtimalı çox böyükdür".
Qeyd edək ki, Almatıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında dünən başlayan görüş bu gün də davam edəcək. Görüş və müzakirələrin iki gün çəkməsi isə prosesdə hansısa müəyyən addımların ola bilməsi ehtimalını artırır.
Rüfət Sultan