Mədəniyyət

Bakı "Təbrizin səsi"ni DİNLƏDİ - FOTO

Təbrizin məşhur "Dalğa" musiqi qrupu Bakının qonağı olub. Dekabrın 4-ü Heydər Əliyev Sarayında cənublu aşıq Çingiz Mehdipurun rəhbərlik etdiyi “Dalğa” qrupunun konserti keçirilib. Bizim.Media xəbər verir ki, konsert "Təbrizin səsi" adlanıb. Konsertdə tamaşaçılarla yanaşı, Milli Məclisin üzvləri, elm adamları, şairlər və yazıçılar iştirak ediblər. Akademik Nizami Cəfərov, professor Misir Mərdanov, deputat Sabir Rüstəmxanlı çıxış edərək aşıq musiqisinin fəlsəfəsindən söz açıblar. Bu dəfəki konsert proqramında güneyli-quzeyli sənətçilər bir araya gələrək aşıq musiqisini sevənlərə əsl bayram ovqatı yaşadıblar. Güneyli Aşıq Cavad Məhərrəmi, Aşıq Məhbub Əbdu, Aşıq Salar Mehdipur, Aşıq Xatirə Məhəmmədxanlı səhnəyə çıxıblar. Quzeyli aşıq Əli Zeynalabdinov, Məhsəti Cabbarova, Mirələm Mirələmov, Anar Şuşalı və digər sənətçilər konsertdə Çingiz Mehdipurun bəstələrini ifa ediblər. Həmçinin, konsertdə tamaşaçılara yeni mahnılar təqdim olunub. Günay Şahmar, Nicat Niftəliyev, Bizim.Media