Gürcüstan ayaqdadır. Hər an vətəndaş toqquşması baş verə bilər. “Xarici agentlər haqqında” qanun layihəsi bu gün parlamentdə sonuncu, üçüncü oxunuşda müzakirəyə çıxarılır. Buna etiraz edənlərsə təkcə parlamentin qarşısını yox, bütün Tiflis küçələrini bürüyüb. Ötən həftə 200 min etirazçı eyni anda küçələrə çıxıb. Bu da məsələnin kifayət qədər ciddi olmasından xəbər verir. Dinc etirazlar isə hər an qarşıdurmaya çevrilə bilər. Çünki etirazçılar arasında kifayət qədər xarici agent var. Onlar öz ağalarından göstəriş aldıqları andaca hərəkətə keçəcəklər.
Hansı ölkələr Gürcüstanda vətəndaş qarşıdurmasını istəyir? Maraqlıdır ki, Gürcüstanda xaosun yaranmasında maraqlı olar bəzi ölkələr artıq açıq şəkildə mövqelərini büruzə verməyə başlayıblar. Həmin ölkələrdən biri də Fransadır. Rəsmi Paris ilk gündən etirazçıları dəstəkləyib. Bununla kifayətlənməyən fransız siyasilər öz çevrələrindəkilərlə də ciddi iş aparırlar. Təsadüfi deyil ki, Gürcüstanın Fransadakı səfiri Qoça Cavaxişvili etirazçıların sırasına qatılan ilk diplomat olub. Belə ki, o “Xarici agentlər haqqında” qanun layihəsinə görə rəhbərlikdən bu vəzifədə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini xahiş edib: “Şəxsən mən ətrafımda nə hökumətdə, nə də diplomatlar arasında açıq-aşkar rusiyayönümlü olan heç kəsi tanımıram. Başa düşürəm ki, bu, müəyyən məqsədə çatmaq üçün bir növ taktika ola bilər. Bu istiqamətdə mənim rolum və tezisim: “Avropaya doğru irəliləyin”-dir”. Cavaxişvili iddia edir ki, bundan əvvəl Gürcüstan Xarici İşlər Nazirliyinin iki əməkdaşı açıq şəkildə “Xarici agentlər haqqında” qanun layihəsinə qarşı çıxış ediblər. Həmin şəxslərdən biri - Xarici İşlər Nazirliyinin Avro-Atlantik İnteqrasiya Departamentinin müşaviri Georgiy Tsikarişvili bildirib ki, qanun layihəsi “ölkənin Avropa İttifaqına inteqrasiyasını təhdid edir və Gürcüstan Konstitusiyasına və ölkənin demokratik inkişafına ziddir”. Daha bir maraqlı məlumat odur ki, Gürcüstanın Ermənistandakı səfirliyinin birinci katibi Aleksandr Qoqoladze də qanun layihəsinin əleyhinə çıxış edib. O, həmçinin etirazçılara qarşı “hakimiyyətin nümayişkəranə şəkildə istifadə etdiyi zorakılığı” pisləyib. Fransa öz təsir dairələrində işə başlayıb. Göründüyü kimi, Gürcüstanda baş verənlərə ilk reaksiya verənlər Fransa və Ermənistanda işləyən gürcülərdir. Bu da o deməkdir ki, Fransa Cənubi Qafqazda xaos yaratmaqda çox istəklidir. Ona görə də hər vasitə ilə Gürcüstanda qarışıqlıq yaratmağa çalışır. Bunun üçün hətta yerli diplomatları ələ almaqdan belə çəkinmir. Baxmayaraq ki, Fransanın bu mövqeyi beynəlxalq hüquqa ziddir. Amma rəsmi Paris beynəlxalq qanunları və digər dövlətlərin suveren hüquqlarını çoxdan ayaqlar altına atıb. Yada salaq ki, son illər Fransa öz ərazisindən Ermənistana hərbi sursatların çatdırılması üçün Gürcüstana davamlı təzyiqlər edirdi. Nəhayət, ötən il rəsmi Paris öz istəyinə çatdı. Gürcüstan hökuməti Fransadan göndərilən hərbi sursatın Ermənistana çatdırılması üçün koridor verdi. Bu gün isə Gürcüstanda ictimai-siyasi sabitliyin pozulması üçün Yelisey Sarayı yeni planlar cızır. Bu planlarsa Gürcüstana yaxşı heç nə vəd etmir. Rəsmi Paris çalışır ki, Gürcüstanda anti-Rusiya ritorikaları güclənsin. Sonunda isə bu məsələ hərbi toqquşmaya qədər gedib çıxsın. Hərbi münaqişə baş verəcəyi təqdirdə isə Fransa birbaşa və yaxud Avropa İttifaqı bayrağı altında Cənubi Qafqaza soxulsun. Ona görə də Fransa həm Ermənistanda, həm də Gürcüstanda ciddi iş aparır. Azərbaycanla bacarmadı… Rəsmi Parisin gücü çatmayan tək region ölkəsi isə Azərbaycandır. Təsadüf deyil ki, Fransa Ermənistan və Azərbaycan XİN rəhbərinin Almatı görüşünü dəstəkləyib. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin mayın 12-də departamentin saytında dərc olunmuş bəyanatda deyilir: “Fransa mayın 10-11-də Almatıda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqların yeni raundunun keçirilməsini alqışlayır. Paris sülh müqaviləsinin imzalanması məqsədilə İrəvanla Bakı arasında danışıqların davam etdirilməsini dəstəkləyib. Fransa tərəflərin 7 oktyabr 2022-ci ildə Praqada keçirilən dördtərəfli görüş çərçivəsində 1991-ci il Almatı Bəyannaməsinə, bu prosesin əsası kimi onların ərazi bütövlüyünün qarşılıqlı tanınmasına sadiqliklərini təsdiqləmələrinin vacibliyini vurğulayır”. Bununla paralel olaraq, rəsmi Paris 19 aprel 2024-cü il tarixli bəyannamədə razılaşdırılmış prinsiplər əsasında sərhədlərin delimitasiyasını davam etdirməyə çağırıb. Eyni zamanda, Paris tərəfləri sülh müqaviləsinin imzalanması məqsədilə müzakirələri davam etdirməyə səsləyib: Maraqlı odur ki, Fransa bu günədək Qərbin iştirakı olmadan baş tutan hansısa görüşü alqışlamayıb. Bax, məsələnin ən təəccüblü yanı da budur. Çünki Fransa açıq şəkildə bütün platformalarda Ermənistanı dəstəkləyir. Ən əsası isə Cənubi Qafqaz məsələsində rəsmi Paris bir qayda olaraq tərəf kimi çıxış edib. Yəni Makron hökuməti Cənubi Qafqaza soxulmaq üçün bütün vasitələrdən istifadə edib. Bütün bunlara rəğmən Fransanın Almatı görüşünü alqışlması heç cür anlaşılmır. Burada iki məqam var. Ya Fransa gücsüzlüyünü anlayıb, qlaf dəyişdirir. Guya ki, rəsmi Parisin əsas istəyi sülhdür və bu sülhün hansı yolla əldə olunması vacib deyil. Ya da ki, Azərbaycanı xəbərdarlıqları lazımi ünvana çatıb. Amma bütün hallarda Fransanın dayanacağı heç də inandırıcı görünmür. Ermənistanda və Gürcüstanda baş verənlər də bunu sübut edir. Surxay Atakişiyev, Bizim.Media