Siyasət
Deputat: "Düşmənlərimiz Şuşadan ciddi mesajlar aldı"
"Prezidentin çıxışı müttəfiqlərimizin sevincinə səbəb oldu. Lakin düşmənlərimiz də ciddi mesaj aldılar. Anladılar ki, ölkəmizlə yenidən müharibəyə girmək cəhdi onların sonu olacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa səfəri və burada səsləndirdiyi mesajlar barədə danışarkən deyib.
Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Şuşada yerli sakinlərin doğma şəhərlərinə qayıtması ilə bağlı keçirilən tədbirdə bir sıra mühüm məsələlərlə bağlı mesajlar verdi:
"Prezidentin buradakı çıxışı bir neçə hissədən ibarət idi. İlk növbədə Prezident çıxışında Şuşanın hansı səbəbdən işğal altına düşməsi səbəblərini bir daha milli yaddaşımıza xitabən dilə gətirdi".
Deputat qeyd edib ki, Prezident uzun müddət Şuşanın işğal altında qalması səbəblərini də izah etdi:
"Ölkə rəhbəri dedi ki, ATƏT-in Minsk qrupunun həmsədrləri, Avropa, ABŞ bu torpaqları ermənilərə vəd etmişdi. 28 il ərzində Şuşanın işğal altında qalmasının səbəbi bundan ibarət idi. Bu da dünyada nəyin, nə üçün və necə baş verdiyini anlamaq baxımından hər bir azərbaycanlı üçün siyasi kompas rolunu oynamalıdır. Prezident Şuşada qısa zamanda quruculuq işlərinin aparılması və bu şəhərin əhəmiyyətindən də danışdı. Nəhayət, Prezident gələcəkdə Qarabağ və Şərqi Zəngəzurda görüləcək işlərlə bağlı fikirlərini bölüşdü. Bu mənada, Prezidentin çıxışında xalqımızın keçdiyi yol, qətiyyəti, mübarizə qabiliyyəti, ordu quruculuğu, Şuşanı qaytarmaq kimi mühüm qələbəyə imza atması konseptual şəkildə ardıcıllıqla öz əksini tapıb. Ona görə də Şuşadan verilən mesajlar mühüm bir hadisə idi. Prezident onu da bildirdi ki, hansısa səfirin Şuşaya gəlməsi bizim üçün o qədər də əhəmiyyətli deyil. Əsas odur ki, bu gün Azərbaycan xalqı, şuşalılar ora gəlib gedə bilir və onu yenidən dirçəldirlər. Ən mühüm mesajlardan biri də o oldu ki, Ermənistanın silahlandırılması kritik həddə çatarsa, Azərbaycan ona da cavab verəcək. Bu mənada, Prezidentin çıxışı dostlarımızda, Azərbaycan vətəndaşlarında, müttəfiqlərimizdə nə qədər qürur hiss yaradırdısa, düşmənlərə də bir o qədər ciddi mesajlar idi".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezindent Mehriban Əliyeva Şuşaya səfər edib. Dövlət başçısı və birinci xanım bir sıra açılışlarda iştirak edib, birinci yaşayış kompleksinin açılışında iştirak şəhərə köçmüş ilk sakinlərlə görüşüb, həmçion "Xarıbülbül" bir sıra maraqlı mesajlar verib.
Rüfət Sultan