Gürcüstan tarixi seçim anındadır. Mayın 1-də bu ölkənin parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda dəstəkləyib. Bu fonda ölkə Prezidenti Salome Zurabişvili ona vetə qoyacağını bəyan edib. Lakin məsələ ondadır ki, qanun layihəsi üçüncü oxunuşda qəbul ediləcəyi təqdirdə artıq Prezident veto qoymaq səlahiyyətinə malik olmayacaq. Keçən həftə sonu parlamentin sədri Şalva Papuaşvili isə bildirib ki, deputatlar bu həftə xarici agentlər haqqında qanun layihəsinə üçüncü və yekun oxunuşda baxacaqlar. Həmçinin, o da bəlli olub ki, Gürcüstan parlamentinin Hüquq Komissiyası mayın 13-də keçiriləcək iclasında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə üçüncü oxunuşda baxacaq. Üçüncü iclasda yalnız texniki və redaksiya dəyişiklikləri edilə bilər. Qanun layihəsinin plenar iclasda üçüncü oxunuşda müzakirəyə çıxarılacağı tarixə gəlincə, bu barədə qərar büro tərəfindən veriləcək. Görəsən xarici agentlər haqqında qanun son oxunuşda qəbul olunsa, nə baş verəcək? Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirir ki, mövcud durumda Gürcüstanda vəziyyət dəyişəcək və Rusiya Qərbin Qafqaza girməsinə əngəl olacaq: “ABŞ və Avropa artıq Qafqazın ağırlıq mərkəzini Ermənistandan Gürcüstana keçirib. Belədə Gürcüstanda dövlət çevrilişi etməyə çalışacaqlar. Bu da Gürcüstanda rəngli inqilabların baş tutması ilə bağlıdır. Ermənistanda isə bu alınmır. Lakin bu dəfə Qərbin Gürcüstanda çevriliş etmək cəhdləri alınmayacaq. Çünki İvanaşvili Rusiyanın adamıdır. Yeni baş nazir də Moskvanın göstərişilə hərəkət edir. Prezident Zurabişvili bu fonda heç nə edə bilməyəcək. Onun veto qoyması ilə məsələ həll olunan deyil. Belə ki, üçüncü oxunuşda parlament təkrar olaraq qanunu qəbul etsə, Konstitusiyaya görə daha Zurabişviliyə ehtiyac qalmayacaq. Oktyabr seçkilərinə qədər hakim partiya xarici agentlər haqqında qanun layihəsini qəbul edib tam başa çatdıracaq”. Ekspertə görə, Gürcüstanda vəziyyət dəyişəcək: “Vaşinqton ağırlıq mərkəzini Gürcüstana keçirsə də, heç nəyə nail olmayacaq. Qərbpərəstlərin aksiyaları da sonda heç bir nəticə verməyəcək. Bu da Saakaşvilidən sonra əhalinin Qərbə etimadının azalması ilə bağlıdır. Mövcud hakimiyyət hələlik özünü qoruyub saxlaya biləcək. Onların arxasında Rusiya dayanır. Prosesdə son nöqtəni isə oktyabrda olacaq seçkilər qoyacaq. Məhz bu seçkilərin nəticələri Tiflisin hansı yolla gedəcəyinə aydınlıq gətirəcək”. Rüfət Sultan, Bizim.Media