Siyasət
Bu gün imzalar atılmalıdır: Qazaxın kəndləri və sərhədlə bağlı hansı qərar olacaq?
Bu gün sərhədin Qazax-Tavuş istiqamətində demarkasiyasında sonuncu gündür.
Publika.az xəbər verir ki, 19 aprel razılaşmasına görə mayın 15-nə qədər Azərbaycan və Ermənistan arasında protokol imzalanmalıdır.
Razılaşmada qeyd olunur: "Delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasından bilavasitə keçməsini razılaşdırıblar. Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır”.
Lakin Ermənistanda kilsənin dəstəyi ilə başlanan etirazlara görə, proses rəsmi İrəvan tərəfindən dayandırılıb. Bu gün hansı qərarın veriləcəyi bəlli olacaq. Sərhəd dirəklərinin ermənilərin məskunlaşdığı Tavuşun Kirants kəndinin ortasından keçəcəyi, kənddəki körpünün Azərbaycan sərhədləri daxilinə düşəcəyi gözlənilir.
"Hraparak” nəşri yazır ki, hazırda Kirants kəndində quraşdırılmayan 3 sərhəd dirəyi qalıb.
"Hakimiyyətin hansı qərarı verəcəyi bu gün bəlli olacaq. Protokol imzalanmalıdır, lakin bunun nəticəsində sərhəd dirəklərinin kəndin ortasından keçəcəyi, yoxsa fərqli qərar veriləcəyi bilinəcək”, - nəşr yazır.
"Azadlıq radiosu”nun erməni xidməti (azatutyun) məsələ ilə bağlı Ermənistan sərhəd komissiyasının rəhbəri, baş nazirin müavini Mher Qriqoryanın ofisindən münasibət öyrənməyə çalışsa da, buna nail ola bilməyib.
Erməni baş nazir Nikol Paşinyan mayın 7-də bildirib ki, Tavuş istiqamətində sərhədin demarkasiyası 9 faiz tamamlanıb. Əsas problemli ərazi Kirants hissəsindədir. Bu istiqamətdə demarkasiya edilməli 3 nöqtənin olduğu deyilir.
"Azatutyun” da qeyd edir ki, ötən həftədən etibarən demarkasiya prosesi dayandırılıb: "Kənd körpüsü, məktəb və bir neçə fərdi evlə bağlı mübahisəli məqamlar həllini tapmayıb. Hələlik bu 3 nöqtədə demarkasiyasının necə aparılacağı bəlli deyil. O da bəlli deyil ki, bu 3 nöqtədə sərhəd müəyyən edilmədən protokol imzalanacaq, yoxsa sənədin imzalanması təxirə salınacaq”.
Radiodan bildirilir ki, artıq demerkasiya olunmuş ərazilərdən Ermənistan qoşunlarının çıxıb-çıxmadığı da məlum deyil. Baş nazirin ofisi bildirib ki, demarkasiyadan sonra qoşunların çıxarılması qısa müddətdə həyata keçiriləcək.
Hakim "Mülki müqavilə” fraksiyasının deputatları bu məsələ ilə bağlı suallardan yayınıb. Onlar arasında yalnız Qaqik Melkonyan bildirib ki, Tavuş sektorunda sərhədin tam demarkasiyasından sonra Ermənistan qoşunları öz mövqelərinə doğru geri çəkiləcək.
Melkonyan Kirantsda demarkasiyanın niyə dondurulduğunu da açıqlayıb. Bildirib ki, Kirantsda Azərbaycanla razılaşdırılmalı olan yerlər var, misal üçün, körpü, yaxud buna bənzər digər yerlər: "Burada təhlükəli heç nə yoxdur, sadəcə məsələ razılaşdırılmalıdır”.
Melkonyan demarkasiyanın dayandırılmasına etirazların səbəb olduğu fikrini təkzib edib.