Siyasət

Azərbaycan niyə Belarus üçün daim etibarlı tərəfdaş sayılıb? – Oleq Qaydukeviçdən ÖZƏL AÇIQLAMA

“Belarus müstəqillik əldə etdikdən sonrakı dövrdə Azərbaycan ölkəmizin ən etibarlı tərəfdaşlarından biri olub. Bu həm də Azərbaycan və Belarus prezidentləri arasında yaxşı münasibətlərin təzahürüdür. Onlar arasında qarşılıqlı etimad mövcuddur”. Bu fikirləri Bizim.Media-ya açıqlamasında Belarus parlamentinin beynəlxalq məsələlər üzrə Komissiyası sədrinin müavini, Prezident Palatasının deputatı Oleq Qaydukeviç deyib. “Münasibətlərimizin yeni mərhələsi başlayır” Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfərini, Prezident İlham Əliyevlə imzalanan sənədləri şərh edən deputat, Belarus-Azərbaycan münasibətlərinin daha da inkişaf edəcəyini vurğulayıb:  “Uğurun başqa bir açarı odur ki, biz bir-birimizə yaxşılıq, sülh, əmin-amanlıq və yaxşı həyat arzulayırıq. Bu illər ərzində Belarus prezidenti və Azərbaycan rəhbərləri həmişə dedikləri vədləri yerinə yetiriblər. Bilirsiniz ki, bu çox vacib və mühüm nüansdır.  Bütün bu illər ərzində biz heç vaxt heç kimi təhdid etməmişik, heç vaxt heç bir münaqişəyə qarışmamışıq. Üstəlik, postsovet məkanında sülhün olması üçün hər şeyi etmişik. Bunu Azərbaycanda da, başqa ölkələrdə də bilirlər. Uğurun açarı da məhz budur. Ona görə də bütün bu illərdən sonra Belarus prezidentinin Azərbaycana səfəri münasibətlərin yeni mərhələsinin başlanması deməkdir”, - deyə deputat bildirib.  “Hər iki ölkə daim sülh üçün çalışıb” Oleq Qaydukeviç əlavə edib ki, Belarus şirkətləri də işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərəcək. Bu da, münasibətlərin daha da inkişafına xidmət edən amillərdəndir: “Həqiqətən, Belarus prezidenti Belarus şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin canlanmasına kömək edəcəklərini söylədi. Biz hər yerə yaxşılıqla gəlmişik. Bizim yaxşı münasibətlərimizin də kökü ondan ibarətdir ki, postsovet məkanında olan bütün münaqişələrdə, o cümlədən Azərbaycanın üzləşdiyi münaqişədə biz həmişə ədalətli mövqe tutmuşuq, sülh tələb etmişik, konstruktivlik axtarmışıq və heç vaxt hansısa münaqişələri qızışdırmamışıq.  Belaruslular həmişə münaqişələrin olmamasına çalışırlar. Bu, çox dürüst mövqedir. Demək lazımdır ki, Azərbaycan da Belarusa münasibətdə hər zaman belə davranıb”. Tehran Orucoğlu, Bizim.Media