Siyasət

Şuşada Latviya Parlamentinin sədrinə erməni vandalizmi haqda MƏLUMAT VERİLDİ - FOTO

Latviya Parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti Füzuli rayonundan sonra Qarabağın incisi, Azərbaycanın tarixi və mədəniyyətinin simvolu olan Şuşa şəhərinə gəliblər. Bizim.Media xəbər verir ki, nümayəndə heyətinin Şuşaya səfəri Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin olduğu şəhər mərkəzi meydanı ilə tanışlıqdan başlayıb. Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov qonaqlara Şuşa şəhərinin tarixi, işğal dövründəki vəziyyəti və burada aparılan quruculuq işləri barədə məlumat verib.  Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. Nümayəndə heyəti sonra Yuxarı Gövhərağa məscidi, Bülbülün ev-muzeyi, qala divarları, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı ilə tanış olublar. Sonda Cıdır düzünə gələn qonaqlar oradan açılan gözəl mənzərəni seyr ediblər. Bildirilib ki, qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxıb, canları və qanları bahasına Şuşanı işğaldan azad ediblər. Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib. Qonaqları Milli Məclisin sədr müavini Adil Əliyev, deputatlar Kamran Bayramov, Könül Nurullayeva, Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov müşayiət ediblər. Bizim.Media