Siyasət

Ərdoğan: Mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin 1980-ci il hərbi çevrilişindən sonra qüvvədə olan konstitusiyanı əvəz etmək üçün sivil konstitusiyasının hazırlanması və qəbul edilməsinin zəruriliyini bəyan edib. Report xəbər verir ki, bu barədə Türkiyə lideri bunu sədrlik etdiyi Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib. Onun sözlərinə görə, mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz: "Yeni əsas qanunun qəbulu ilə türk demokratiyası çevriliş ənənəsinə son qoymalıdır. Yeni əsrdə Türkiyənin 85 milyonluq əhalisi üçün yeni sivil konstitusiya idealının həyata keçirilməsinin zəruriliyinə inanıram. Gələcək nəsillər liberal konstitusiya ilə idarə olunmağa layiqdirlər”. Qeyd edək ki, Türkiyə Prezidenti daha əvvəl iki dəfə konstitusiyaya dəyişikliklərlə bağlı məsələləri xalqın təsdiqinə təqdim edib. 2017-ci ildə keçirilən referendumdan sonra ölkədə parlament idarəetmə forması prezident üsul-idarəsi ilə əvəz olundu, lakin bu dəyişikliklər fonunda yeni konstitusiya qəbul edilmədi. Ötən ilin may ayında yenidən yeni prezident seçildikdən sonra Ərdoğan yeni konstitusiyanın qəbulunu administrasiyasının əsas vəzifələrindən biri adlandırmışdı.