Siyasət

Xuxaşvilidən XƏBƏRDARLIQ: “Gürcüstanı Qərblə ciddi qarşıdurma gözləyir” – ÖZƏL

Gürcüstanda gərginlik davam edir. Belə ki, hakim “Gürcü Arzusu-Demokrat Gürcüstan” partiyasının təşəbbüsü ilə “Xarici təsirin şəffaflığı haqqında” qanunun parlamentdə qəbulundan sonra ölkədə qarşıdurma yaranıb.  Bu günlərdə Gürcüstan hökumətinin başçısı İrakli Kobaxidze xarici agentlər haqqında qanun layihəsinin qəbulu ilə bağlı hökumətlə gənclər arasında dialoq təşəbbüsü ilə çıxış edib.  

O etiraz aksiyalarında iştirak edən gənclərlə müzakirə aparmağa hazır olduğunu deyib: “Düşünürəm ki, emosiyaların səngiməsi fonunda qanunla bağlı sağlam müzakirələr aparmaq üçün daha yaxşı fürsət var. “Şəffaflıq haqqında” qanun ətrafında ictimai müzakirə aparacaq, nüfuzlu ekspert hesab etdiyiniz iki-üç yaşlı adamı da siz müzakirəyə cəlb edə bilərsiniz”. Lakin, baş nazirin təşəbbüsü cavabsız qalıb.  Bəs hadisələrin sonrakı inkişafı nə vəd edir? Suala gürcü politoloq Gia Xuxaşvili aydınlıq gətirdi. O, Bizim.Media-ya açıqlamasında hadisələrin inkişafı ilə bağlı narahatlığını dilə gətirib: “Vəziyyətin daha da gərginləşməsini gözləyirəm. Hakimiyyət təkcə müxalifət və vətəndaş cəmiyyəti ilə deyil, bütün Qərb dünyası ilə qarşıdurmaya girdi. İndi sanksiya siyasətinin başlanması gözlənilir ki, bu da vəziyyəti daha da gərginləşdirəcək”. Surxay Atakişiyev, Bizim.Media