Siyasət
Zelenski Azərbaycan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi
Ukraynanın Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.
Qaynarinfo-nun məlumatına görə, təbrikdə deyilir:
"Zati-aliləri.
Sizi Ukrayna xalqı adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edirəm.
Bu gün Azərbaycan inkişaf yolu ilə inamla addımlayır, qlobal arenada mövqelərini möhkəmləndirir və beynəlxalq səviyyədə tanınmış ərazilərini geri qaytarıb. Rusiya Federasiyası ilə müharibə məcburiyyətində qalan Ukrayna da buna can atır.
Ukrayna və Azərbaycanın bir-birinin müstəqilliyi və ərazi bütövlüyünü qarşılıqlı şəkildə dəstəkləməsi son dərəcə vacibdir. Fürsətdən istifadə edərək Ukrayna üçün həlledici məqamda göstərilən köməyə görə, cənab Prezident, Sizə və Azərbaycan xalqına minnətdarlığımı bildirirəm.
Qarşılıqlı maraq doğuran bütün sahələrdə Ukrayna-Azərbaycan tərəfdaşlığının möhkəmlənməsinə töhfə verən şəxsi konstruktiv dialoqumuzu yüksək qiymətləndirirəm. Ona görə də mən Sizin cari ilin iyun ayında İsveçrədə keçiriləcək birinci Sülh Sammitində iştirakınıza, eləcə də Azərbaycanın Ukraynanın Sülh Formuluna fəal şəkildə qoşulacağına ümid edirəm.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər, dost Azərbaycan xalqına isə sülh və rifah arzu edirəm".