Siyasət
Toronto meriyasının qarşısında Müstəqillik Gününə həsr edilmiş mərasim keçirildi (FOTO)
NAC - Kanada Azərbaycanlıları Şəbəkəsinin təşkilatçılığı ilə Toronto şəhər meriyasının qarşısında Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr edilmiş mərasim keçirilib.
Qaynarinfo xəbər verir ki, tədbirdə NAC-in İcraçı Direktoru Nigar Cəbiyeva və KAŞ İdarə Heyətinin üzvü Kəmalə Şiriyeva çıxış edərək Azərbaycanın müstəqilliyinin 106-cı ildönümünün Kanadada yaşayan azərbaycanlı icması tərəfindən coşğu ilə qeyd edildiyini bildirmiş və bu günün əhəmiyyətindən danışıb.
Daha sonra Kanada federal parlameninin deputatı, nazir xanım Yaara Saks və Konservatorlar partiyasından olan deputat və partiya liderinin müavini xanım Melissa Lantsman çıxış edərək Azərbaycan Demokratik Respublikasının şərqdə ilk respublika kimi yaratdığı dəyərlərin bu gün də yaşadığını qeyd edib, Kanadada yaşayan azərbaycanlıların bu dəyərlərə sahib çıxaraq ölkənin ictimai-siyasi həyatında aktiv rol oynadıqlarını bildiriblər. Azərbaycan icmasının dostları olaraq, hər zaman əlamətdar günlərin qeyd edilməsində icma üzvlərinin yanında olmaqdan qürur duyduqlarının deyiblər.
Mərasimdə Türkiyə Respublikasının Torontodakı Baş Konsulu Can Yoldaş da çıxış etmiş və qardaş Türkiyənin həmişə Azərbaycanın yanında olduğunu, ötən il Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra ilk yardımın məhz Azərbaycan Respublikası, və həm ölkədə, həm də dünyada yaşayan Azərbaycan xalqı tərəfindən göstərildiyini bildirib.
Sonda, Baş Konsul Azərbaycanın müstəqilliyinin və rifahının Türkiyə və bütün türk xalqı üçün nə qədər vacib bir dəyər olduğunu, Mustafa Kamal Atatürkün sözləri ilə ifadə edib: "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir".
Tədbirin sonunda Kanada himni səslənib və daha sonra Azərbaycan himninin sədaları altında Azərbaycan Respublikasının dövlət bayrağı Toronto şəhər meriyasının qarşısında qaldırılıb. Tədbir, Torontoda yerləşən Azərbaycan dili məktəbinin şagirdlərinin milli rəqslərin ifa edilməsi ilə başa çatıb.