Ermənistanda keşiş Baqrat Qalstanyanın Paşinyana qarşı başladığı aksiya yenidən vüsət almağa başlayıb. “Vətən naminə Tavuş” hərəkatının iştirakçıları Respublika meydanında güclü aksiya keçirməyi planlaşdırıb. Keşiş Baqrat bu gün meydanda növbəti hərəkət planını açıqlamalıdır. Keşiş iddia edir ki, Paşinyanın dinc yolla istefasını istəyir. Hələlik Paşinyan hökuməti aksiyaların qarşısında tab gətirə bilir. Belə ki, keşişin arxasınca gedənlərin sayı elə də çox deyil. Amma bununla belə, etirazçılar aksiyaları dayandırmaqdan da uzaqdırlar. Onlar hələlik özlərini sona qədər getmək niyyətində olduqları kimi göstərirlər.
Bu fonda maraqlıdır, Ermənistan daxilində cərəyan edən proseslər nə ilə yekunlaşacaq? Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, Paşinyanın əlində kifayət qədər resurs və imkanlar var və onlardan istifadə etməklə vəziyyəti öz xeyrinə dəyişə bilər: “Ermənistanda baş verən hadisələr bütövlükdə bu ölkədə daxili auditoriyanı qızışdırmaq və narazılıq yaratmaq məqsədi daşıyır. Hesab edirəm ki, keşiş Baqratın arxasında antipaşinyan qüvvələrinin bir çoxu cəmləşib. İndiyə qədər Ermənistan ictimai siyasi rəyində görünməyən, bu ölkənin ictimai siyasi rəyi üçün heç nə ifadə etməyən bir keşişin birdən-birə etiraz aksiyalarına start verməsi əslində hadisənin nə qədər təhlükəli olduğunu göstərir. Artıq “Vətən naminə Tavuş” hərəkatı adlı qondarma komediyanın rəhbərlərindən olan Qurgen Melikyan arxiyepiskop Baqrat Qalstanyanı Ermənistanın baş naziri kimi gördüyünü vurğulayır. Bunlar da çox təhlükəli prosedurlardır. Paşinyanın hakimiyyətini devirmək üçün Ermənistanda ciddi formada cəmiyyəti ayağa qaldırmağa çalışırlar. Bu əsasda Paşinyan ciddi sınaq qarşısındadır. Ölkə daxilində xarici güc faktorlarının əlində oyuncağa çevrilmiş bəlli dairələr var. Onlar isə vəziyyəti daha da qəlizləşdirmək, Ermənistanın destabilliyinə nail olmaq, bu ölkənin yenə də dalan vəziyyətinə düşməsinə çalışırlar. Paşinyan hakimiyyətinin əlində kifayət qədər resurs və imkanlar var. Onlardan istifadə etməklə hakimiyyət vəziyyəti öz xeyrinə dəyişə bilər. Etiraz edənlərin həbsi də göstərir ki, bu sayaq aksiyalar Paşinyana hələlik ciddi şəkildə təhlükə yarada bilmir. Sadəcə əsas problem aksiyaların arxasında xarici güclərin dayanmasıdır. Bu isə vəziyyəti daha da təhlükəli edir”. Rüfət Sultan, Bizim.Media