Siyasət

İlham Əliyevə təbrik məktubları gəlir (YENİLƏNİB)

Yaponiyanın İmperatoru Əlahəzrət Naruhito Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Qaynarinfo xəbər verir ki, mətndə deyilir: "Zati-aliləri. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə böyük məmnuniyyətlə ən səmimi təbriklərimi çatdırıram. Zati-alinizə xoşbəxtlik, xalqınıza firavanlıq arzu edirəm".   ***   Hindistan Prezidenti Draupadi Murmudan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. "Zati-aliləri. Müstəqillik Günü münasibətilə Hindistan hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan Respublikasının hökumətinə və dost xalqına ən səmimi salamlarımı və təbriklərimi çatdırıram. Hindistan ilə Azərbaycan ortaq tarixi və mədəni əlaqələrə malikdir. Bizim həmrəyliyimiz bütün sahələrdə çoxtərəfli qarşılıqlı əməkdaşlığımıza yol açmışdır. Əminəm ki, həssas məqamlara və ortaq maraqlara qarşılıqlı hörmət nümayiş etdirərək bizim münasibətlərimiz əməkdaşlığın yeni sahələrini əhatə etməklə genişlənəcəkdir. Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasının dost xalqına isə davamlı sülh, tərəqqi və inkişaf arzu edirəm. Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin". *** İndoneziya Respublikasının Prezidenti Coko Vidodo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. "Zati-aliləri. Azərbaycan Respublikasının Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə Zati-alinizə böyük məmnuniyyətlə İndoneziya Respublikasının hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Bu xüsusda icazə verin İndoneziya ilə Azərbaycan arasındakı dostluq münasibətlərinə görə Sizə səmimi təşəkkürümü bildirim. Əldə edilən nailiyyətlər dövlətinizin uğurlu siyasətinin təsdiqidir. İnanıram ki, xalqlarımızın qarşılıqlı olaraq bir-birinə təklif edəcəyi çox məsələlər var və əməkdaşlığımızın ölkələrimiz üçün əhəmiyyətli faydalar hasil edəcəyinə əminəm. Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə bir daha dərin ehtiramımı ifadə edirəm". *** Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. "Zati-aliləri. Gürcüstan hökuməti adından və şəxsən öz adımdan Sizi və xalqınızı Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İcazə verin Sizə və Azərbaycan xalqına dərin ehtiramımı ifadə edim, sülh, rifah və uğurlar arzulayım. Gürcüstan və Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq dərin, uzun əsrlik dostluq ənənəsinə əsaslanır ki, bu da ölkələrimizin səmərəli əməkdaşlığının inkişafı üçün mühüm amildir. Xüsusilə vurğulamaq istərdim ki, Azərbaycanla ikitərəfli və mehriban qonşuluq münasibətlərinin dərinləşməsi bizim hökumətimizin ən əsas prioritetidir. Gürcüstan ilə Azərbaycan arasında qarşılıqlı etimad və dəstək prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq ölkələrimizin əlaqələrinin dinamikasının güclənməsinə müsbət təsir göstərmişdir. Əminəm ki, əməkdaşlığımız daha da möhkəmlənəcək və regionda rifahın, sabitliyin təmin olunmasına öz töhfəsini verəcəkdir. Zati-aliləri, fürsətdən istifadə edərək Sizə bir daha dərin ehtiramımı ifadə edir, qardaş Azərbaycan xalqına firavanlıq, əmin-amanlıq və nailiyyətlər diləyirəm". *** San-Marino Respublikasının Kapitan-Regentləri Alessandro Rossi və Milena Qasperoni Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. "Zati-aliləri. Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına San-Marino xalqı adından və öz adımızdan təbriklərimizi, ən xoş arzularımızı çatdırırıq.Bu əlamətdar gündə Zati-alinizə ən yüksək ehtiramımızı bildirir, uğurlar diləyir, Azərbaycan xalqına firavanlıq və rifah dolu gələcək arzu edirik". *** Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. "Zati-aliləri. Əlamətdar bayram - Azərbaycan Respublikasının müstəqilliyinin 106-cı ildönümü münasibətilə Kraliça Raca Zarit Sofia ilə birlikdə Zati-alinizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq. Əminik ki, Malayziya ilə Azərbaycan arasında mövcud olan möhkəm dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə daha da inkişaf edəcəkdir. Uca Allahdan Zati-alinizə cansağlığı, Azərbaycan Respublikasına və onun xalqına davamlı sülh, rifah və tərəqqi arzulayırıq". *** İsveçin Kralı XVI Karl Qustav Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib. "Hörmətli cənab Prezident. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq arzu edirəm".