Siyasət

Azərbaycanda dövlət xətti ilə kirayə müqaviləsinin rəsmiləşdirilməsi müddəti azaldıldı

"Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası"nda dəyişiklik edilib. Qaynarinfo xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Dəyişikliyə əsasən, Fond razılıq barədə qərarını elektron sistemdə yerləşdirdiyi gündən 7 iş günü müddətində müraciət edən şəxs yaşayış sahəsini seçir və yaşayış sahəsi onun tərəfindən seçildiyi gündən 7 iş günü müddətində kirayə müqaviləsinin rəsmiləşdirilməsi həyata keçirilir. Buna qədər bu müddət 10 gün kimi qəbul edilmişdi. Bundan başqa, Fond kirayə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı tədbirlərə başladıqda kirayəçi kirayə müqaviləsi üzrə yaranmış borc məbləğini kirayə münasibətlərinə xitam verilənədək tam ödəyərsə, Fond kirayəçi ilə kirayə münasibətlərini davam etdirməlidir.