Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Rəşad İsmayılov Azərbaycan Respublikasının Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bizim.Media Rəşad Fail oğlu İsmayılovun dosyesini təqdim edir:
Rəşad İsmayılov iyunun 7-si 1974-cü ildə Bakıda anadan olub. O, 1981–1991-ci illərdə təhsil aldığı Bakı şəhəri M.Rahim adına 7 saylı orta məktəbi qızıl medalla, 1991-1996-cı illərdə təhsil aldığı Bakı Dövlət Universitetinin hüquq fakültəsini əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib. 2001-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakültəsində təhsilini davam etdirib. 2000-2003-cü illərdə Həyat Qeyri-Hökumət Təşkilatı Beynəlxalq Hüquq Departamentinin rəisi olub. 2003–2005-ci illərdə Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyinin "Yoxsulluğun aradan qaldırılması üzrə İnkişaf Proqramı "nın layihə rəhbəri vəzifəsində çalışıb. Rəşad İsmayılova 2015-ci ildə ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsi verilib və Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş Konsulu təyin olunub. O, 2018-2022-ci illərdə Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edib. Evlidir,iki övladı var. Bizim.Media