“Bu yaxınlarda sərhədlərin müəyyən edilməsi istiqamətində önəmli hadisələr baş vermişdir. Azərbaycan 1990-cı və 1992-ci illərdə itirdiyi dörd kəndi - Qazax bölgəsində yerləşən dörd kəndi bir güllə atılmadan geri qaytardı. Bu, onu göstərir ki, məsələlər sülh yolu ilə həll oluna bilər”. Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə deyib. İlham Əliyev bildirib ki, əgər Ermənistan 2020-ci ildə bizim sözümüzə qulaq assaydı və sülh yolu ilə bizim torpaqlarımızı qaytarsaydı, İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına ehtiyac qalmazdı: “Yəni o, onlar üçün dərs olmalıdır və mən görürəm ki, o dərsdən onlar, necə deyərlər, nəticə çıxarırlar. Çünki dörd kəndin sülh yolu ilə, danışıqlar yolu ilə bizə qaytarılması və o bölgədə sərhədlərin müəyyən edilməsi göstərir ki, biz məsələləri danışıqlar yolu ilə həll edə bilərik”. Bizim.Media