Texnologiya

"Telegram"da yeni oyun yayılıb: Dələduzluqdur, yoxsa qazanmaq imkanı?

"Telegram" kanallarında son vaxtlar yayılan "Hamster Kombat" adlı oyun yüzlərlə insanın marağına, eyni zamanda, narahatlığına səbəb olub.

Çünki internetdə asan pullar vəd edən hansısa yeni oyunun, yaxud tətbiqin təbliğatı qısa müddət sonra məhz həmin reklam olunan vasitələrin, əslində, fırıldaq, minlərlə insanın aldadılaraq pullarının əlindən çıxması barədə xəbərlərlə əvəzlənir.

Bəs insanlar bu cür fırıldaq proqramlara, manipulyasiyalara necə və niyə aldanırlar? "Hamster Kombat" oyunu ilə bağlı bilinməyən məqamlar hansılardır?

Texnobloqer Fərid Pərdəşünas mövzu ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən oyunla bağlı ona da çoxsaylı suallar ünvanlanıb.

Texnobloqerin sözlərinə görə, bu oyun haqqında yazılanların çoxu doğru deyil:

"Bu səbəbdən qısa açıqlama yazıram ki, oyun barədə müəyyən fikir formalaşsın. Öncə qeyd edim ki, oyun "skam" - yəni dələduzluq deyil. Yaxud şəbəkə marketinqi kimi iştirakçıların pulları əsasında büdcə formalaşdırmır. Bu mənada rahat ola bilərsiniz.

Oyun "airdrop" (kriptovalyuta tokeni və ya pulunun tələb olunmadan, adətən, pulsuz şəkildə bir çox pulqabı ünvanlarına paylanması - red.) məntiqinə əsaslanır. Bunu kriptovalyuta ilə məşğul olanlar yaxşı bilirlər. Yəni çox sayda istifadəçi cəlb edilir. Oyunda virtual pullar yaranır, daha sonra həmin virtual pul birjaya çıxıb real dəyər qazananda iştirakçıların bir qismi arasında paylanır. Əgər "airdrop" və kriptovalyuta anlayışlarından xəbəriniz yoxdursa, bu oyuna girməyi məsləhət görməzdim. Nə etdiyinizi heç özünüz də bilməyəcəksiniz.

Eləcə də oyun "Telegram"ın TOR zəncirinə bağlıdır və məntiq ekrana toxunmaqla valyuta yaradıb daha sonra həmin virtual valyutadan yeni qazanc əldə etməkdir. Hazırda istifadəçidən hər hansı məbləğdə investisiya tələb etmir. Oyunun nə qədər "airdrop" verəcəyi və sizə nə qədər gəlir düşəcəyi də məlum deyil. İstifadəçi sayı 100 milyonu keçdiyindən gəlirin az olacağı təxmin edilir. Burada yığdığınız virtual pullarla milyoner olmayacaqsınız. Amma bundan əvvəlki belə oyunlarda 100-800 ABŞ dolları arası "airdrop" yığan dostlarım olub".

F.Pərdəşünas oyundan istifadə edən və ya etməyi düşünənlərə məsləhət olaraq qeyd edib ki, əgər "airdrop" yığmaq istəyirlərsə, tək bu oyunu deyil, bir çox kriptovalyuta layihəsini izləməlidirlər:

"Bu halda qazanc əldə etmək daha məntiqli olur. Xəbərdarlıq kimi qeyd edim ki, bu məntiqi tam anlamadan digər dələduzluq layihələrinə aldana bilərsiniz. Pula həvəslənib, oyundan və bu tipli "airdrop"lardan anlayışı olmadan yatırım etməyi məsləhət görmürəm. Çünki çox sayda "skam"lar da var".