Siyasət

COP29 çərçivəsində parlamentlərarası dialoq mövzusunda onlayn iclas keçirilib

İyunun 11-də Parlamentlərarası İttifaq tərəfindən “COP29-a hazırlıq: iqlim dəyişikliyi üzrə parlamentlərarası dialoq” mövzusunda onlayn iclas təşkil olunub. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildiriblər ki, iclasda çıxış edən Milli Məclisin deputatı Soltan Məmmədov Azərbaycanın iqlim dəyişikliyi probleminin həllində və yaşıl enerjiyə keçiddə verdiyi töhfələri vurğulayıb. Diqqətə çatdırılıb ki, ölkəmiz bərpaolunan enerji mənbələrinə sərmayə qoyuluşuna görə liderlər sırasındadır. Soltan Məmmədov COP29 çərçivəsində Azərbaycan Milli Məclisi və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçiriləcək Parlament toplantısının əhəmiyyətindən söz açıb, bu platformanın parlamentarilərə fikir mübadiləsi aparmağa, iqlim dəyişikliyi ilə mübarizədə təkliflərlə və yeni fikirlərlə çıxış etməyə mühüm imkanlar yaradacağına inamını ifadə edib. O, COP29-la bağlı məlumat verib, görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb. Bizim.Media