Siyasət

Gürcüstan üçün SEÇİM ANI – Avropa yoxsa suverenlik YOLU?

Cənubi Qafqazda maraqlı proseslər gedir. Azərbaycandan sonra Gürcüstan da bloklara qoşulmamaq yolunu tutmağa başlayıb. Amma Gürcüstanın qərarlılığı Qərbi kifayət qədər narahat edib.  Məlumdur ki, ötən həftə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Xarici təsirin şəffaflığı haqqında” qanunu imzalayıb. Bununla da Gürcüstanda mübahisəli qanun layihəsi qüvvəyə minib. Xatırladaq ki, Gürcüstan parlamenti mayın 14-də “xarici agentlər” qanunu kimi də tanınan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Lakin Prezident Salome Zurabişvili mayın 19-da qanuna veto qoyub.  Parlament mayın 28-də Prezidentin vetosunu aradan qaldırıb. Parlament qanunu imzalanması üçün Prezident administrasiyasına göndərsə də, Prezident Zurabişvili onu imzalamaqdan imtina edib. Bu səbəbdən qanun layihəsini parlament sədri Şalva Papuaşvili imzalayıb.  Nədənsə bu qanunun qəbuluna Qərb tamamilə fərqli don geyindirir.  Məsələn, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell bu qanunun Aİ-nin əsas prinsip və dəyərlərinə zidd olduğunu, Gürcüstanın təşkilata gedən yoluna mənfi təsir göstərəcəyini bəyan edib: “Biz Gürcüstan hakimiyyətini bu tendensiyanın qarşısını almağa və Aİ yoluna qətiyyətlə qayıtmağa çağırırıq. Dinamikanı dəyişdirmək üçün hələ vaxt var, lakin idarəetmə orqanlarından güclü öhdəlik tələb olunur. Aİ və ona üzv dövlətləri bu hadisələrə cavab vermək üçün bütün variantları nəzərdən keçirir”. ABŞ isə artıq konkret addımlar atır. Belə  ki, ABŞ Gürcüstana qarşı sanksiyaların tətbiqinə başlayıb. Rəsmi Vaşinqton Gürcüstan vətəndaşına, o cümlədən rəsmi şəxslərə və onların ailə üzvlərinə qarşı viza sanksiyaları tətbiq edir. Bundan sonra bir sıra Gürcüstan rəsmləri və o cümlədən, parlamentinin üzvləri ABŞ-ın viza sanksiyaları ilə üz-üzə qalacaq. Göründüyü kimi bir qanuna görə ABŞ həm qanunun təşəbbüskarlarını, həm də onun parlamentdə qəbulunda əli olan hər kəsi cəzalandırır. Yəqin ki, bu cəza tədbirlərinin davamı gələcək. Beləcə, Qərb öz mahiyyətini bir daha ortaya qoyacaq. Təbii ki, Qərbin mahiyyəti, qlafı və populizmi çoxlarına aydındır. Bəs mövcud vəziyyətdən Gürcüstan necə xilas olacaq? Dayanıqlı iqtisadiyyatı olmayan Gürcüstan üçün çətin günlər gəlir. Məlumdur ki, Gürcüstan hər il həm ABŞ-dan, həm də Aİ-dən maliyyə dəstəyi alırdı. Amma agentura şəbəkəsi haqqında qanunun qüvvəyə minməsindən sonra bu yardımlar dayanacaq. Ən azı müəyyən müddətə…  Çünki Qərb Gürcüstana lazım olduğu qədər, Gürcüstan da Qərbə lazımdır. İndiki həssas dönəmdə həm Qərb, həm də Gürcüstan inadkar görünür. Amma Qərbin daha tez inadından əl çəkəcəyi inandırıcı gəlir. Ona görə ki əgər Qərb Gürcüstandan əlini çəksə, o zaman məcburən Rusiyaya yaxınlaşmalı olacaq. Bu isə Qərb üçün ən arzuolunmaz variantdır. Ona görə də Qərbin təhdidləri tədricən səngiyəcək.  Amma Gürcüstan inad edəcəyi təqdirdə qazanacaq.  Ən azı ölkənin ərazi bütövlüyü və suveren hüquqları bərpa olunacaq. Lakin həmin zamana qədər Gürcüstan ciddi siyasi və iqtisadi təzyiqlərlə üzləşəcək. Əgər rəsmi Tiflis Qərbin təzyiqlərinə boyun əyməsə, o zaman Rusiya Gürcüstanla münasibətlərinə yenidən baxacaq. Bu da o deməkdir ki, Rusiya Cənubi Osetiya və Abxaziyanı Gürcüstanın nəzarətinə qaytaracaq.  Məlumdur ki, hazırda bu bölgə Rusiyanın nəzarət zonasındadır. Hətta Cənubi Osetiya və Abxaziya Rusiyanın Federal Büdcəsindən maliyyələşir. Vəziyyətin belə hal almasınınsa səbəbi vaxtilə Gürcüstanın Qərbə meyillənməsi olub. O zamansa Rusiya buna qarşı çıxdı. Öz sərhədlərində avropalıları və amerikalıları görmək istəmədiyini bildirdi. Rusiya fikrində nə qədər ciddi olduğunu Gürcüstanda separatizmi alovlandırmaqla sübut etdi. Nəticədə, artıq 16 ildir ki, Gürcüstanın 20 faiz ərazisi işğal altındadır.  İndiki zamanda isə Gürcüstan müharibə etmədən, qan tökmədən işğala son vermək istəyir. Bunun üçünsə tək şərt Gürcüstanın Qərbin idarəçiliyindən çıxmasıdır.  Əslində, rəsmi Tiflis anlayır ki, Qərb heç zaman 20 faiz torpaqlarının azad olmasında Gürcüstana kömək etməyəcək. Bunun ən bariz nümunəsi Azərbaycan gerçəkliyidir. Azərbaycan 25 il vasitəçiləri gözlədi. Sonda isə ərazi bütövlüyünü və suveren hüquqlarının öz qətiyyəti hesabına bərpa etdi. Qərbə inanan Moldova da eyni acı aqibəti yaşayır. Ukraynada isə vəziyyət daha faciəlidir.  Bu gün Ukraynanın yer üzündən silinməsi ehtimalı çox böyükdür.  Bütün bunlara rəğmən Gürcüstan seçim anındadır. Ya Qərbin arxasınca gedib, ərazilərinin işğal müddətini bir qədər də uzadacaq, Ya da heç bir bloka qoşulmadan regional inkişafa və mehriban qonşuluğa meydan açacaq. Bu halda isə Gürcüstanın ərazi bütövlüyünün və suveren hüquqlarının bərpası heç də uzaq görünmür. Surxay Atakişiyev, Bizim.Media