Siyasət

“Dünyada Azərbaycan-Türkiyə münasibətləri səviyyəsində əlaqələri olan ölkə yoxdur” – Vüqar İskəndərov

“Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Türkiyə-Azərbaycan münasibətləri elə bir səviyyədədir ki, dünyada bu cür münasibətləri olan ikinci dövlət tapmaq olmaz. Bu bəyannamə də iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu”. Bunu Bizim.Media-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.  “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafının təminatçısıdır. Müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.  Şuşa Bəyannaməsi əhatəli sülhə və inteqrasiyaya yol açır və bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Bu gün iki ölkə çox böyük və məsuliyyətli işlərə imza atır. Xüsusən türk dünyasının dirçəlməsi və birləşməsində iki ölkə sanki bir lokomotiv rolunu oynayır. Bu baxımdan qardaş dövlətlərin birlikdə atdığı addımlar nəinki regiona, dünyaya da öz töhfəsini verir.  Ölkələrin iqtisadi qüdrətini artıran bəyannamə nəticə olaraq işğaldan azad olunan torpaqlarımıza yeni sərmayə qoyuluşu prosesini stimullaşdırır. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Nəticədə regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaq. Deputat qeyd edib ki, Bəyannamənin beynəlxalq nüfuz baxımından da əhəmiyyəti böyükdür.  “Nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkəmizin beynəlxalq nüfuzunu artırır. Bu baxımdan məhz 15 iyun Qurtuluş Günündə imzalanmış Şuşa Bəyannaməsi çox böyük əhəmiyyət daşıyır”. Bizim.Media