Siyasət

ABŞ Ermənistandan nə istəyir? (ŞƏRH)

"ABŞ İrəvanla strateji tərəfdaşlığa öz maraqlarının reallaşması üçün can atır”.   Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tofiq Abbasov Vaşinqtonla İrəvan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması ehtimalı və bunun mümkün olub-olmadığını şərh edərkən deyib. Politoloq bəyan edib ki, bir qədər əvvəl ABŞ Fransanı Ermənistanı ələ keçirmək üçün hərəkətə gətirmişdi: ”Lakin Paris bu işdə üzərinə qoyulan öhdəliyi yerinə yetirə bilmədi. Fransa bu məsələdə aciz olduğunu göstərdi. Ona görə də indi artıq ABŞ-ın özü meydana daxil olur, təşəbbüsü öz əlinə alır. Vaşinqton ikiəlli Ermənistandan yapışmaq istəyir ki, bu ölkənin ərazisini öz plasdarmına çevirsin, digər tərəfdən də bölgəmizdə öz istəklərinə nail olsun”.    Həmsöhbətimiz qeyd edir ki, ABŞ-la Ermənistanın strateji tərəfdaşlığa getməsi fonunda Azərbaycan öz siyasətində köklü dəyişikliklər etməməlidir: "Azərbaycan Prezidentinin konseptual yanaşması təhlükəsizliyin qorunması, inteqrasiyanın genişlənməsilə bilavasitə əlaqəlidir. Digər tərəfdən, Azərbaycan qonşular, yaxın ölkə və tərəfdaşlarla hərbi və strateji sahələrdə münasibətləri daha yüksək keyfiyyət, kəmiyyət səviyyəsinə qaldırmalıdır. Hazırda Azərbaycan İranla hərbi təlimlərə start verib. Bu ondan xəbər verir ki, Azərbaycan Prezidentinin 3+3 formatına yanaşması öz qüvvəsini saxlayır. Əminəm ki, yaxınlarda Tiflis də həmin formatda yaxından iştirak edəcək. Kənar qüvvələrin müdaxilələrinə imkan verməməliyik ki, bölgəmizi qarışdırsınlar”.  Qeyd edək ki, Ermənistan və ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldıracaqlar. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibinin köməkçisi Ceyms O`Brayen arasında İrəvanda keçirilən görüşün yekunları üzrə qəbul edilmiş iki ölkə hökumətlərinin birgə bəyanatında deyilir.   Tərəflər qeyd ediblər ki, ABŞ və Ermənistan dörd il ərzində ticarət dövriyyəsini dörd dəfə artırıb. Onlar bütün sahələrdə əməkdaşlığı gücləndirmək və onun statusunu Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəltməyə sadiq olduqlarını bildiriblər.  Rüfət Sultan