Siyasət

Sərhəddə sükut POZULDU – Ermənistan niyə Naxçıvanı HƏDƏF ALDI?

Bir neçə aydır davam edən səssizliyin ardından Ermənistan atəşkəsi yenidən pozub. İyunun 13-ü və 14-də Ermənistan tərəfi Naxçıvan istiqamətindəki mövqelərimizi atəşə tutub.  Müdafiə Nazirliyinin məlumatına görə,  iyunun 13-si saat 19:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. İyunun 14-ü saat 07:15-də isə Ermənistan silahlı qüvvələrinin bölmələri Soylan rayonunun Xaçik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb. Görünən odur ki, hansısa qüvvələr yenidən iki ölkə arasında gərginliyin yaşanması, silahlı insidentin baş verməsində maraqlıdır. Ermənistanda hazırda müxalifət Paşinyanı istefaya göndərmək üçün etiraz aksiyaları təşkil edir. Bununla bağlı olaraq Ermənistan daxilində gərginlik pik nöqtəyə çatıb. Belə bir vəziyyətdə ermənilər yenidən atəşkəsi pozublar.  Görəsən, Ermənistanın bu dəfəki təxribatının arxasında nə dayanır?  Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirir ki, Ermənistan tərəfinin atəşkəsi pozması Paşinyana qarşı ayağa qalxmış qüvvələrin son cəhdlərindən biridir: “Bu bir daha göstərir ki, Paşinyan orduya tam nəzarət edə bilmir. O, sülh sazişinin imzalanmasında maraqlı olduğunu dəfələrlə bəyan edib. Azərbaycan onun bu bəyanatının səmimiliyinə təbiidir ki, inanmaq istəyir. Ancaq bunun üçün erməni təxribatlarının qarşısı alınmalıdır”.  Ekspertin fikrincə, Paşinyan təəssüf ki, keşişin başçılığı ilə ona qarşı dayanan qüvvələrin qarşısını almaqda zəiflik göstərir:  “Müxalifətin ölkədə xaos, anarxiya yaratmaq cəhdlərinə müşahidəçi mövqeyində dayanmaq yolverilməzdir. Yolları bağlamağın, dövlət idarələrini müasirəyə almağın, ekstremist bəyanatların qarşısı alınmalıdır. Hələliksə Paşinyan bu istiqamətdə zəiflik göstərir. Bundan istifadə edən qüvvələr də atəşkəsi pozur”.  Həmsöhbətimiz Paşinyanın atəşkəsin pozulmasında maraqlı olduğuna inanmır:  “Çünki sülh sazişi ilk növbədə ona lazımdır. Lakin hələlik Paşinyan tələb olunan qətiyyəti göstərmir. Bu zəiflik sərhədin digər istiqamətlərində də atəşkəsin pozulması və Azərbaycanın kəskin addımlar atmaq məcburiyyətində qalmasına gətirib çıxara bilər”.  Rüfət Sultan, Bizim.Media