Xəbər verdiyimiz kimi Ukrayna prezidenti Volodimir Zelenskinin təşəbbüsü ilə iyunun 15-16-da İsveçrənin Bürgenstok şəhərində “Ukrayna üzrə sülh konfransı” keçiriləcək. Bu konfransla bağlı Zelenski xeyli müddət əvvəl bütün dünya dövlətlərinə müraciət etmişdi. Müraciət olunanlar arasında G7, G20 və BRICS ölkələri də var. Ümumilikdə, dəvətlilər siyahısında dünyanın 120 ölkəsindən 160 nümayəndə heyəti vardı. Lakin bir neçə gün əvvəl Zelenski etiraf etdi ki, 120 ölkədən yalnız 90-ı İsveçrədə keçiriləcək Sülh Sammitində iştirakını təsdiqləyib. Maraqlıdır ki, Sammitə qatılmaq istəməyən ölkələr arasında Çin, Braziliya, Səudiyyə Ərəbistanı və digər böyük dövlətlər var. Bundan əlavə, iştirakı təsdiqlənən ölkələrin bir çoxu Samittə ikinci heyətlə qatılacaq. Məsələn, ABŞ prezidenti Co Bayden bu konfransa qatılmayacağını bəyan edib. Əvəzində Vaşinqton Sammitə vitse-prezident Kamala Harris və Amerika liderinin müşaviri Ceyk Sallivanı göndərəcək. Ümumilkdə isə Sammitə beynəlxalq maraq çox azdır. Çünki, sammitin adı sülh olsa da, bu tədbirdə müharibədəki qarşı tərəf iştirak etmir. Ona görə də bir sıra dövlət liderləri Sammitə qatılmaq istəməyib. Bu azmış kimi Ukrayna münaqişəsi ilə bağlı Braziliya və Çin alternativ sülh konfransının keçirilməsini təklif edib. Braziliya və Çin Rusiya ilə Ukraynanını danışıqlar masasına oturtmaq üçün alternativ sülh konfransı keçirmək ideyasını reallaşdırmaq üçün hətta masaya oturublar. Onlar belə hesab edirlər ki, Moskvasız keçirilən istənilən diplomatik forum sülh gətirməyəcək. Braziliya və Çinin təşəbbüsü çox məntiqlidir. Əgər sülhdən danışılacaqsa, hökmən həmin tədbirdə hər iki tərəf iştirak etməlidir. Amma görünən odur ki, Ukrayna Prezidenti sülh yox, yeni müharibə planlarını açıqlamaq üçün dünya ölkələrini bir araya gətirmək istəyir. Bununla da, Rusiyaya qarşı daha böyük koalisiya yaratmağı düşünür. Sonda isə təbii ki, Zelenski konfrans iştirakçılarından maliyyə yardımı istəməyi planlaşdırır. Məhz bu səbəbdən Braziliya, Çin və hətta ABŞ həmin konfransa qatılmaq istəmir. Yəqin ki, imtina edən dövlətlərin daha böyük siyahısı ilə tanış olacağıq. Tədbirə Sədiyyə Ərəbistanının da qatılmayacağı xəbəri Zelenskini xeyli üzüb. Ukrayna prezidenti Səudiyyə Ərəbistanını fikrindən daşındırmaq üçün iyunun 1-də krallığa səfər etmək istəyib. Səfər çərçivəsində Zelenski Ciddə şəhərində vəliəhd şahzadə Məhəmməd bin Salman və digər yüksək vəzifəli şəxslərlə görüşmək və onları Sammitə qatılmağa razı salmaq istəyib. Lakin qeyri-müəyyən səbəblərə görə Zelenskinin səfəri baş tutmayıb. Yəqin ki, ərəb tərəfi cəhdin faydasız olmasını bildirib. Nəzərə alaq ki, Səudiyyə Ərəbistanı İsveçrəyə getməkdən imtina edən kimi rəsmi Moskva Ər Riyada öz təşəkkürün bildirib. Bundan başqa ötən həftə Zelenskinin Xarkovdan ABŞ Prezidenti Co Bayden və Çin Prezidenti Si Cinpini “sülhü daha da yaxınlaşdırmaqla liderlik nümayiş etdirməyə" dəvəti də uğursuz olub. "Xahiş edirəm, şəxsi rəhbərliyiniz və iştirakınızla sülh sammitini dəstəkləyin"- deyə Ukrayna liderinin acizanə xahişi cavabsız qalıb. Sülh istəyən Zelenski niyə atəşkəs istəmir? Nəzərə alaq ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putinin hazırki təmas xəttini saxlamaq şərti ilə döyüşləri dayandırmağa hazır olması barədə xəbər yayıldı. Bu sensasiyalı məlumatı “Reuters” agentliyi yaymışdı. Maraqlıdır ki, rəsmi Moskva bu xəbəri təkzib etmədi. Amma Ukrayna Prezidenti Rusiya ilə atəşkəsə dair razılıq əldə etmək imkanını nəzərdən keçirmədiklərini açıqladı. Bunu da belə izah etdi ki, “Rusiya öz mövqelərini gücləndirmək üçün bu variantdan istifadə edir”. Baxmayaraq ki, Zelenskinin bu fikirləri o qədər də razılıqla qarşılanmadı. Çünki ən pis sülh danışıqları və yaxud atəşkəs istənilən müharibədən yaxşıdır. Ona görə də bu cür qeyri-ciddi çıxışları ilə Zelenski həm özünün, həm də ölkəsinin imicinə çox böyük zərbə vurur. Həqiqətən də, hansısa sülh konfransıdan danışılırsa, o zaman orada münaqişə tərəflərinin iştirakı vacibdir. Əks-təqdirdə istənilən təşəbbüs cavabsız qalacaq. Amma görünən odur ki, Zelenski sülh yox, müharibə istəyir. Bu müharibənin gedişini öz xeyrinə dəyişmək üçün o daha çox maliyyə toplamağa çalışır. Dünya dövlətləri üçün Ukrayna müharibəsi əhəmiyyətini itirir Ukrayna-Rusiya müharibəsinin başlamasından 27 aydan artıq vaxt keçir. Bu isə kifayət qədər uzun müddətdir. Əgər müharibənin ilk aylarında münaqişənin yan təsirləri vardısa, artıq əksər ölkələr Ukraynadakı müharibədən aldıqları ziyanı sığortalayıb. Hətta qonşu dövlətlər belə öz iqtisadi-siyasətlərini yeni reallıqlar üzərində qurub. Bundan əlavə, bu müharibədə Rusiyanın uduzacağına inanmayanların sayı getdikcə artır. Ona görə də əksər ölkələr Zelenskinin çağırışlarına laqeydlik göstərir. Çünki pandemiyadan sonra bütün dövlətlərin iqtisadiyyatında geriləmələr oldu. İndi də bütün dövlətlər həmin geriləmələri aradan qaldırmaqla məşğuldurlar. Bu səbəblərə görə, Zelenskinin iyunun 15-16-da İsveçrədə planlaşdırdığı sülh konfransı çoxları üçün qətiyyən maraqlı deyil. Görünən odur ki, sözügedən konfrans baş tutacaq. Amma Ukrayna liderinin niyyəti baş tutmayacaq. Çünki,iştirakçı ölkələrin çoxu konfransa ikinci heyətlərlə qatılacaq. Bu da o deməkdir ki, konfransa gələnlərin çoxu söz deməyə, dəstək olmağa yox, dinləməyə gələcək. Bu halda isə Zelenskinin pul yığmaq planı pozulacaq. Surxay Atakişiyev, Bizim.Media