Siyasət

NATO-dan Rusiyaya NÜVƏ TƏHDİDİ – İlk zərbəni kim endirəcək?

Ukrayna müharibəsində gərginlik davam etdikcə, Rusiya ilə Qərb arasında bir-birini nüvə müharibəsilə təhdid etmək cəhdləri də artmaqdadır. İlk olaraq nüvə təhdidinə Rusiya başlayıb. Belə ki, Prezident Putin başda olmaqla Rusiyanın bir sıra rəsmiləri nüvə silahına əl ata biləcəklərini bir neçə dəfə bəyan ediblər. Hətta Rusiya taktiki nüvə sınaqları da keçirib.   

İndi görünən odur ki, Qərb də bu istiqamətdə hərəkətə keçməyə çalışır. Ən azından NATO-nun baş katibi Yens Stoltenberqin son açıqlaması belə düşünməyə əsas verir. Belə ki, alyansın baş katibi bu günlərdə NATO-nun nüvə silahlarının hazır vəziyyətə gətirilməsini müzakirə etdiyini bəyan edib.  Onun sözlərinə görə, blok öz nüvə arsenalını dünyaya nümayiş etdirməlidir. Görünən odur ki, Rusiyanın təhdidlərinə NATO da adekvat cavab verib.  Görəsən, yaranmış vəziyyətdə nüvə müharibəsi başlayacaq, yoxsa NATO Rusiya ilə öz dilində danışmağa başlayır? Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, Rusiya Ukrayna müharibəsindəki gərginlik çözülməyincə, kiçik nüvə başlıqlarının tətbiqi riski də artmaqda davam edəcək: “Nüvə şantajlarının səslənməsi çox təhlükəli məqamdan xəbər verir. Həm Rusiya, həm də Qərbin nüvə silahı məsələsini tez-tez ritorikalarına gətirmələri özündə böyük bir təhlükəni ehtiva edir. NATO da böyük həcmdə nüvə arsenalına malikdir. NATO Rusiya tərəfindən tez-tez səslənən nüvə mesajlarına cavab olaraq belə bir addım atır.  Ola bilsin, NATO-nun geniş hərbi paradı keçirilsin. Hansı ki, burada qurumun malik olduğu nüvə başlıqları da nümayiş etdirilə bilər. İstənilən halda, düşünürəm ki, NATO-nun Rusiyaya cavab olaraq tez-tez nüvə silahları məsələsinə istinad etməsinin özü də yaxşı tendensiya deyil.  Barışıq, qlobal həmrəylik və yaşıl dünya naminə hamının ortaq addımlar atmalı olduğu bir dövrdə ayrı-ayrı siyasi-hərbi güc mərkəzləri və bloklarının bir-birini nüvə arsenalı ilə təhdid etməsi bəşəriyyət adına ciddi problemdir. Çünki nüvə silahı bütün bəşəriyyət üçün təhlükədir. Bu baxımdan Stoltenberqin dilindən də nüvə silahı məsələsinin daha tez-tez və mütəmadi olaraq səsləndirilməsi problemin nə qədər dərin olduğunu göstərir.  Rusiya Ukrayna münahibəsindəki dərin bataqlıq çözülməyincə, kiçik nüvə başlıqlarının tətbiqi riski də getdikcə artır və artmaqda davam edəcək”.  Ekspert əlavə edib ki, burada təkcə Rusiya və NATO deyil, İran, Şimali Koreya və Çinin də artıq həmin ritorikaya daha çox üstünlük verdiyini görürük. Rüfət Sultan, Bizim.Media