Siyasət

“Blinken İlham Əliyevə mesaj verib ki...” - Politoloq

"Blinken Cənubi Qafqaz ölkələrini Qərbə inteqrasiya etməyə çağırıb”. Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə ABŞ dövlət katibi Blinkenin Azərbaycan Prezidentilə telefon danışığı zamanı Vaşinqtonla Bakı arasında yenilənmiş və daha güclü ikitərəfli münasibətlərə çağırış edərkən nələri nəzərdə tutduğu barədə danışarkən deyib:  "ABŞ Gürcüstanla strateji əməkdaşlıq, onu NATO-ya cəlb etməklə bağlı müqavilə imzalayıb. Bu məsələ üzərində aradan bəzi  məqamlar olsa da, hər halda proses gedir.  Ümumi məcra odur ki, Gürcüstan ABŞ-ınistəyinə uyğun hərəkət edir. Ermənistan da artıq bu yolu tutur. Bu mənada Vaşinqton Azərbaycanı da həmin istiqamətə cəlb etmək istəyir. Blinken ölkələr arasında yenilənmiş və daha güclü ikitərəfli münasibətlərə çağırış edərkən də məhz bunu nəzərdə tutub. Azərbaycan da Vaşinqtonla yeni səviyyəli yaxınlıq münasibətlərinin əsasını qoymağa etiraz etmir. Amma bu Azərbaycanın müstəqilliyi və Qoşulmama Hərəkatındakı yolunu kölgə altına salmamalıdır. Bakı Vaşinqtonla münasibətləri daha sıx qurmaq istiqamətində addım atmağa etiraz etməyəcək. Lakin bu şərtlə ki, Azərbaycanın bloklara qoşulmamaq mövqeyinə xələl gətirilməsin”.  Qeyd edək ki, ABŞ dövlət katibi Antony J. Blinken Azərbaycan prezidenti İlham Əliyevlə telefonla danışıb. Dövlət katibi  Ermənistan-Azərbaycanın sülh sazişi istiqamətində davamlı irəliləyiş olmasını qeyd edib və gecikmədən sazişin  bağlanmasının vacibliyini vurğulayıb. O, Birləşmiş Ştatların tərəflər üçün faydalı olan  istənilən şəkildə gələcək əməkdaşlığı dəstəkləməyə hazır olduğunu təkrarlayıb.  ABŞ-Azərbaycan ikitərəfli münasibətlərin  əhəmiyyətini vurğulayan dövlət katibi, ortaq iqlim və enerji məqsədlərinə dair Azərbaycanla konstruktiv əməkdaşlığı qeyd edərək, ABŞ-ın COP29-un uğurlu olmasına  kömək etməkdə hazır olduğunu bildirib. Dövlət katibi ABŞ və Azərbaycan arasında  yenilənmiş və daha güclü ikitərəfli münasibətlərə də çağırış edib.  Rüfət Sultan