Siyasət

Putindən QORXUNC XƏBƏRDARLIQ – Rusiyanın məğlubiyyəti dünyanın sonunu GƏTİRƏ BİLƏR...

Ukrayna-Rusiya  müharibəsi uzandıqca beynəlxalq aləmdə gərginlik artır. Bəzi liderlər və ekspertlər bu münaqişəni Üçüncü Dünya Müharibəsinin bir parçası, bəziləri isə dünyanı məhv edəcək nüvə müharibəsinin başlanğıcı kimi xarakterizə edir. Təbii ki, narahatlığa ciddi əsas var.  Ukraynanın qələbəsi üçün dünyanın aparıcı dövlətləri bir araya gəlib. ABŞ-ın çətiri altında birləşən həmin dövlətlər həm Ukraynaya hərbi-iqtisadi yardımlar edir, həm də Rusiyaya qarşı iqtisadi sanksiyaların coğrafiyasını genişləndirirlər. Bununla belə Qərb 2 ildən artıq davam edən bu müharibədə heç bir əsaslı uğur qazana bilməyib. Ən yaxşı halda Rusiyanın daha böyük ərazilərdə nəzarəti ələ keçirmək planının qismən qarşısını alıb.   

Üfüqdə sülh görünmür Hər iki tərəf sülh barədə öz iradəsini ortaya qoyur. Məsələn Putin deyir ki, sülh ancaq o şərtlə ola bilər ki, Rusiyanın hazırda ələ keçirdiyi əraziləri rəsmi Kiyev Rusiyanın ərazisi kimi tanıyar və Qərblə bütün əlaqələrini kəsər. Zelenski isə deyir ki, sülh danışıqları o zaman ola bilər ki, Rusiya işğal etdiyi bütün ərazilərdən geri çəkilsin. Yalnız bundan sonra sülhdən danışmaq olar. Göründüyü kimi, hər iki liderin bəyanatları reallıqdan çox-çox uzaqdır. Ona görə də hər iki tərəf öz iradəsini yeritmək üçün daha inadla mübarizə aparır. Bu mübarizə isə son nəticəsində minlərlə insanın ölümü, yüzlərlə kənd və şəhərin məhvi ilə nəticələnir.  Maraqlıdır ki, Rusiya bu müharibədə tərəf kimi Ukraynanı yox, ABŞ və Aİ-ni görür. Təsadüfi deyil ki, bu günlərdə Rusiya Prezidenti Vladimir Putin Qərbin Rusiyanı strateji məğlubiyyətə uğratmaq təhlükəsini müzakirə edərkən bildirib ki, bizim üçün bu müharibədə məğlubiyyət Rusiya dövlətinin min illik tarixinin sonu deməkdir: “Və sonra sual yaranır: niyə qorxmalıyıq ki, sona qədər getmək daha yaxşı deyilmi?!”. Rusiya lideri Vaşinqtonun təzyiqlərindən də danışıb: "Birləşmiş Ştatların tərsliyi və kobudluğu heç zaman onlara fayda verməyib və strateji baxımdan yalnız zərər verib". Putin Şimali Koreyaya son səfəri zamanı bir sıra maraqlı açıqlamalar verib. Məsələn o bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski 2025-ci ilin birinci yarısında vəzifəsindən uzaqlaşdırıla bilər: “Ukrayna prezidentinin səlahiyyət müddəti 5 ildir, sadəcə olaraq Qərbdə Zelenskini dəyişmək istəmirlər. Hələ Zelenskinin vəzifədən getmə vaxtı gəlməyib, çünki əvvəlcə qeyri-populyar qərarlar onun üzərinə atılacaq”. Rusiya lideri hesab edir ki, Qərb artıq Zelenskinin “qələmini qırıb”. Lakin yekun qərarı bəyan etmək üçün Ukraynadakı uğursuzluğu və bunun sayəsində beynəlxalq aləmdə yaranan böhranları Zelenskinin ayağına yazmaq üçün son məsləhətləşmələr aparılır.  Putin Ukraynadan danışarkən nüvə müharibəsinin olacağını da istisna etməyib. O Pxenyanda olarkən bəyan edib ki, Rusiya nüvə doktrinasında mümkün dəyişikliklər barədə düşünür. Bununla belə Putin qeyd edib ki, Rusiyanın qabaqlayıcı nüvə zərbəsi endirməyə hələ ki, ehtiyacı yoxdur. Ümumiyyətlə, Ukrayna-Rusiya cəbhəsində vəziyyət olduqca təhlükəlidir.  Təsadüfi deyil ki, Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedyev deyib ki, Ukrayna hakimiyyəti hələ də Rusiya Prezidenti Vladimir Putinin sülh yolu ilə nizamlanma təkliflərini qəbul edə bilər, əks halda rus qoşunlarının hücumu davam edəcək və Kiyevə qarşı vəziyyət dəyişəcək. Medvedyev Ukrayna hakimiyyətini “bacardıqca tələsməyə” çağırıb: “İndi Ukraynanın Putinin təklifini qəbul etmək imkanı var, əks halda Rusiyanın hərbi hücumu davam edəcək”. Göründüyü kimi tərəflər çox iddialı danışır. Bu isə vəziyyəti daha da kəskinləşdirir. Artıq bəzi liderlər narahatlıqlarını dilə gətirir. Rusiya ilə Qərb arasında heç vaxt kompromis olmayacağını deyən Serbiya prezidenti Aleksandar Vuçiç 3-4 aydan sonra dünyada böyük bir qarşıdurmanın olacağını bildirib: "Üçüncü Dünya Müharibəsindən danışa bilmərəm, amma böyük münaqişədən danışıram. İnanıram ki, biz bundan uzaq deyilik. Bunun daha tez baş verməsi təhlükəsi var”. O, Rusiya ilə Ukrayna arasında vəziyyətin hər gün daha da pisləşdiyini qeyd edib: “Böyük dövlətlər heç nə etməsələr, biz Ukraynada baş verənlərin acı sonunu görəcəyik.Əminəm ki, qısa zamanda əsl fəlakət görəcəyik". Onun fikrincə, Qərb Ukraynada uduzmağa tab gətirə bilməz, ABŞ və NATO üçün bu, geosiyasi vəziyyətlərinin pisləşməsi deməkdir: “Həmçinin Putin müharibəni uduzsa, hər şeyini itirəcək. Hər iki məğlubiyyəti özünə rəva görmür. Buna görə də mən açıq şəkildə bəyan edirəm ki, biz əsl fəlakətə yaxınlaşırıq”. O əlavə edib ki, bunun qarşısını almaq üçün heç bir yol görmür: “Bu gün mən neft, şəkər, duz – hər şey, bütün ehtiyatlarımızla bağlı məlumatları yoxladım, çünki gələcəyin hamımıza nə gətirəcəyini bilmirəm”. Putin niyə şərqə üz tutdu? Rusiya liderinin növbəti dəfə prezident seçilməsindən sonra Şərq ölkələrinə səfər etməsi də bir çox suallar doğurur. Məsələn mayın 16-da Rusiya Prezidenti Vladimir Putin Çinə dövlət səfərinə gedib.Səfər çərçivəsində  Si Cinpinlə  Vladimir Putinin görüşü olub. Görüşdə bir sıra razılaşmalar olub.  Bağlı qapılar arxasında nə danışıldığını bilməsək də, bəzi məqamlar açıqlanıb. Hər iki ölkə yaxın illərdə qarşılıqlı ticarət dövriyyəsini 1 trilyon dollara çatdırmağı hədəfləyiblər. 2023-cü ildə ikitərəfli ticarət dövriyyəsi isə 227 milyard dollar olub. Bu isə kifayət qədər ciddi rəqəmlərdir.  Həm Çinə, həm Şimali Koreyaya, həm də Vyetnama səfər edən Putin iqtisadi əlaqələri dərinləşdirməklə yanaşı hərbi əməkdaşlığı da genişləndirmək istəyir. Təsadüfi deyil ki, rəsmi Moskva Rusiya ilə KXDR arasında strateji əməkdaşlıq haqqında sazişin regionda sülhün və sabitliyin qorunmasına yönəldiyini deyib. Bundan əlavə, Putinin səfəri çərçivəsində Rusiya və Vyetnam arasında müxtəlif sahələrdə əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb. Onların arasında təhsil sahəsində əməkdaşlığa dair sənədlər, Vyetnamda nüvə texnologiyaları mərkəzinin yaradılması qrafikinə dair memorandum yer alıb. Yəqin ki, yaxın zamanlarda Putin Hindistana və İrana səfər edəcək. Bu isə onu göstərir ki, Qərb Rusiyanın üzərinə daha çox getdikcə rəsmi Moskva da öz çevrəsini genişləndirmək istəyir. Bununla da həm Qərbin sanksiyalarının təsirlərini minimum endirmək istəyir. Ən əsası isə Rusiya öz ətrafına ABŞ-ın əzəli rəqiblərini toplayır.  Bu təşəbbüs isə Üçüncü Dünya Müharibəsi üçün yeni ittifaqların yaranması anlamına gəlir. Necə ki, I və II Dünya Müharibələrindən əvvəl də oxşar siyasi gedişlər baş verirdi... Ona görə də Serbiyanın liderinin dediyi kimi Bəşəriyyəti yaxın 3-4 ayda çox çətin sınaq gözləyir. Bəs sivilizasiya bu bəlalardan xilas ola biləcəkmi? Bu sualın cavabını isə zaman göstərəcək. Surxay Atakişiyev, Bizim.Media