Siyasət

“Yeni parlamentdə Müsavat Partiyası da təmsil olunacaq” - Ekspert

"Yeni parlamentin tərkibində müəyyən dəyişikliklər olacaq. Biz bu parlamentdə yeni simalar görəcəyik”.   Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli deyib.  Q.Əlibəyli bildirib ki, parlamentdə yaşı keçmiş, uzun müddət mandat daşıyan deputatlar var: ”Onlar artıq bütün enerjilərini sərf ediblər. Yəqin ki, onların yeniləri ilə əvəzlənməsi baş verəcək. Son dövrlərdə hakimiyyət orqanlarında, dövlət qurumlarında gənclərin irəli çəkilməsi onu deməyə əsas verir ki, parlament seçkilərində xeyli sayda gənc deputat olacaq. Xüsusən də hakim partiya tərəfindən gənclərin namizədliyi irəli sürüləcək”.  Qulamhüseyn Əlibəyli hesab edir ki, hazırda parlament azlığında təmsil olunan müxalifət partiyalarının əksəriyyəti öz yerini qoruyub saxlayacaq: "Digər yeni müxalifət partiyalarından yeni simalar gələcək. Əhəmiyyətli bir dəyişikliyin olacağını gözləyirəm. Bu parlamentdə Müsavat Partiyasının təmsil olunması mümkündir. Müxalifət partiyasıdır, Azərbaycan xalqının nümayəndələridir. Bəzi hallarda kəskin çıxış etsələr də dövlətçilik mövqeyindən çıxış edən bir partiyadır. Güman edirəm Müsavat Partiyası seçkidə iştirak edəcək və partiyanın parlamentə düşmək şansları var”.  Bahar Rüstəmli