Zəngəzur dəhlizinin açılması bir sıra xarici dövlətlərin də diqqət mərkəzindədir. Bu dövlətlər arasında Çin, Rusiya, İran kimi ölkələrlə yanaşı, ABŞ-da aktivlik nümayiş etdirir. ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn da bu məsələyə toxunub: “ABŞ çalışır ki, Mərkəzi Asiyadan mal ixracı Rusiya və Çindən deyil, alternativ yollarla, o cümlədən Azərbaycandan keçsin. Bir marşrut Gürcüstandan Qara dənizə keçir, digəri isə potensial olaraq daha böyük marşrut Azərbaycan, Ermənistan və Türkiyədən keçəcək və bu səbəblərə görə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına ehtiyacımız var”.
Maraqlıdır ki, sözügedən açıqlamanın müəllifi olan Obrayan bu gün Azərbaycana gəlib. Görünən odur ki, Vaşinqtonun Zəngəzur dəhlizi açılmasına marağı artıb. Ən azından ABŞ rəsmilərinin regiona artan səfərləri belə düşünməyə əsas verir. ABŞ Rusiya asılılığından qurtulmağın əsas yolu kimi Zəngəzur dəhlizini görürür. Bu dəhlizin fəaliyyətə başlaması ilə ABŞ həm Rusiyanın tranzit imkanlarını məhdudlaşdıracaq, həm də Qərbin enerji təhlükəsizliyinə yeni töhfə veriləcək. “ABŞ öz maraqlarını düşünür” Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirir ki, Vaşinqtonun Zəngəzur dəhlizinin açılmasında əsas istəyi özünün dövlət marağının təmin edilməsinə nail olmaqdan ibarətdir: “ABŞ-ın dəhlizin açılması, habelə Azərbaycanla Ermənistan arasında sülhün imzalanmasının tezləşdirilməsində maraqlı olması onun bölgəmizdə dünya gücləri arasında gedən rəqabətdə əsas rola malik olmaq, regiona nəzarəti öz əlinə keçirmək niyyətilə bağlıdır. Hazırda bölgəmiz uğrunda Qərbdən başqa, Rusiya, Çin, qonşu İran da mübarizə aparır. Hər bir tərəf çalışır ki, bölgəyə nəzarət əsasən onun əlində olsun. ABŞ da prosesdə aktiv olmaqla bölgədəki nüfuzunu, təsirini gücləndirməyə çalışır. Onun Zəngəzur dəhlizinin açılması istəyi xoşniyyətli olacaqsa, buyursunlar. Amma sirr deyil ki, digər maraqlar kimi, ABŞ-ın Zəngəzur dəhlizinin açılmasında maraqlı olması ilk növbədə onun özünün dövlət maraqlarının təmin edilməsilə bağlıdır. Vaşinqton üçün Azərbaycan və Ermənistanın dəhlizin açılmasından nə udacaqları qətiyyən maraqlı deyil. Burada əsas məsələ ABŞ-ın dövlət maraqlarıdır. Onun dövlət marağı isə özünün bölgədəki nüfuz və təsir dairəsinin genişlənməsinə nail olmaqdır”. Rüfət Sultan, Bizim.Media