Siyasət

Prezidentin yüksək vəzifəyə verdiyi Bəşir Hacıyev kimdir?

Xəbər verdiyimiz kimi, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. Prezident İlham Əliyevin sərəncama əsasən, Bəşir Qüdrət oğlu Hacıyev bu vəzifəyə təyin edilib. Qaynarinfo xəbər verir ki, Bəşir Hacıyev Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin nümayəndəliyinin baş məsləhətçisi olub. Daha sonra isə Prezident İlham Əliyevin müavfiq sərəncamı ilə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini vəzifəsinə təyin edilib. 1979-cu ildə anadan olan Bəşir Hacıyev 2000-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin bakalavr, 2004-cü ildə həmin universitetin Dilşünaslıq fakültəsinin magistr pillələrini bitirib, 2007-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsindən məzun olub. Bəşir Hacıyev Azərbaycanda mehmanxana idarəetməsi sahəsində ilk menecerdir. O, "İçəri Şəhər” adlı butik oteldə iş fəaliyyətinə başlayıb və on ildən çox müddət ərzində mehmanxana idarəetməsində çalışıb. Karyerası ərzində Bəşir Hacıyev "İçəri Şəhər”, "Hale Kai Hotel”, "Balion Hotel”, "Çiraq Plaza Hotel”, "Sea Breeze Resort”, "Caspian Sea Resort” kimi otelləri idarə edib. 2010-cu ildə Azərbaycan Turizm Assosiasiyasi İdarə Heyətinin üzvü, daha sonra ASK-nın tərkibində fəaliyyət göstərən "Turizm” komissiyasının sədr müavini seçilib. Bəşir Hacıyev eyni zamanda "Balion Group” şirkətinin təsisçisi olub.