Ölkə əhalisinin 83.8%-i Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyir. Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb. Məlumatda deyilir ki, Mərkəz Azərbaycan və Ermənistan arasında sülh razılaşması istiqamətində müsbət dinamikanı nəzərə alaraq, bu barədə ictimai rəyi öyrənmək məqsədilə əhali arasında sorğular keçirib. 2024-cü ilin iyun ayında keçirilmiş sorğunun nəticələrinə əsasən, “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi?” sualına respondentlərin 83.8%-i “bəli, dəstəkləyirəm”, 13.5%-i “xeyr, dəstəkləmirəm” cavabını verib. 2.7%-i bu suala rəyini bildirməkdə çətinlik çəkib. Sorğunun nəticələri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə cəmiyyətdə geniş dəstəyin olduğunu göstərir. Sosial Tədqiqatlar Mərkəzinin bu mövzuda keçirdiyi əvvəlki sorğuların nəticələri də cəmiyyətdə sülh müqaviləsinin imzalanmasına münasibətdə müsbət tendensiyanın olduğunu deməyə əsas verir. Surxay Atakişiyev, Bizim.Media