Xəbər verdiyimiz kimi, Astanada Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Çin lideri Si Szinpin arasında görüş baş tutub. Görüş zamanı Azərbaycan və Çin liderləri ikitərəfli ticarətin həcmini daha da artırmağa, əmtəələrin strukturunu optimallaşdırmağa və malların bazarlara çıxışını asanlaşdırmağa hazır olduqlarını bildiriblər. Azərbaycan Prezidenti İlham Əliyev Çin lideri Si Szinpinlə görüşdə qeyd edib ki, artıq Çinin 6 şəhərində ticarət evi açıb. Çin tərəfi isə bəyan edib ki, Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və konfrontasiyanın saxlanmasına yönəlmiş geosiyasi intriqaları qeyri-səmərəli hesab edir. Görüş çərçivəsində Çin və Azərbaycan ikitərəfli münasibətlərin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini də bəyan ediblər. Bundan əlavə, “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Sözügedən bəyannamədə tərəflər arasında siyasi-iqtisadi, o cümlədən təhlükəsizlik məsələləri ilə bağlı müddəalar öz əksini tapıb. Görəsən, Azərbaycan Çin münasibətlərinin inkişafı ölkəmizə nə qazandıracaq? Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında VI çağırış Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib ki, Pekinlə Bakı arasında maraqları üst-üstə düşən məqamlar çoxdur: “ŞƏT sammiti çərçivəsində Azərbaycan Prezidenti bir sıra görüşlər keçirib. Bunlar arasında Çin lideri Si Szinpinlə olan görüşü xüsusi qeyd etmək lazımdır. Bakı müstəqilliyin ilk illərindən Pekinlə fəal əməkdaşlıq edir. Bu gün isə həmin münasibətlər özünün ən yüksək səviyyəsindədir. Bunu şərtləndirən bir sıra amillər var. Hər iki ölkə dövlətlərin ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq, bərabərhüquqlu münasibətlər və əməkdaşlıq yaratmaq prinsiplərindən çıxış edir. Onlar təhlükəsizlik, separatizmə qarşı mübarizə məsələsində də ortaq mövqeyə malikdirlər”. “ŞƏT Azərbaycan üçün cəlbedici platformadır” Deputat qeyd edib ki, Pekin ərazi bütövlüyü məsələsində də hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyib: “Bakı da vahid Çin ideyasını dəstəkləyir. Azərbaycan Çinin “Bir kəmər, bir yol” layihəsinə də dəstək verib. Azərbaycan Prezidenti Çin liderilə görüşündə iki ölkə arasında iqtisadi əməkdaşlığın dinamik olduğunu vurğulayıb. Artıq Çinin 6 şəhərində Azərbaycanın ticarət nümayəndəliyi fəaliyyət göstərir. Bakı Çin vətəndaşlarının ölkəmizə vizasız gediş-gəlişinə də imkan yaradıb. Çin tərəfi də öz növbəsində bu məsələyə baxacağını vurğulayıb. Görüşdə ŞƏT çərçivəsində Azərbaycanın statusunun yüksəldilməsi məsələsinə də diqqət yetirildi. Çünki bu təşkilat Azərbaycan üçün cəlbedici platformadır. ŞƏT ölkələrilə Bakının ikitərfəli əməkdaşlığı dinamik inkişaf edir. Bu prosesdə Çin də mühüm rol oynayır. ŞƏT-də Azərbaycanın səmərəli iştirakçılığı Bakı-Pekin münasibətlərindən asılıdır. Ən başlıcası, tərəflər arasında strateji tərəfdaşlıq barədə birgə bəyannamə imzalandı. Bu isə tərəflər arasında əməkdaşlığın istiqamətlərini özündə aydın ifadə edən bir sənəddir”. Həmsöhbətimiz bildirir ki, sənədə uyğun olaraq, qarşılıqlı fəaliyyət və əməkdaşlığın həyata keçirilməsi gələcəkdə Azərbaycan Çin münasibətlərinin sözün həqiqi mənasında ən yüksək inkişaf səviyyəsinə çatmasına şərait yaradacaq: “Əməkdaşlıq üçün geniş imkanlar və ortaq maraqlar mövcuddur. Çin liderinin Heydər Əliyev Fondu vasitəsilə həyata keçirilən layihələrin əhəmiyyətini xüsusi olaraq vurğulaması da Fondun Azərbaycan-Çin münasibətlərinin inkişafında xüsusi rolunun olduğuna dəlalət edir. Azərbaycan və Çin şəhərləri arasında qardaşlaşma təcrübəsi də mövcuddur”. Rüfət Sultan, Bizim.Media