Siyasət

Ersin Tatar Prezident İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarı qəbul edib. Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı Ersin Tatar ilə Bakıda və digər beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi görüşləri məmnunluqla xatırlayıb. Söhbət zamanı nəqliyyat, əlaqələr və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması mövzusunda keçiriləcək qeyri-rəsmi Zirvə toplantısının Türk Dövlətləri Təşkilatının gündəliyində duran məsələlərin dövlət və hökumət başçıları səviyyəsində müzakirəsi və reallaşdırılması baxımından əhəmiyyəti qeyd olundu. Bu tədbirin müntəzəm xarakter alacağına ümidvarlıq bildirilib, onun Türk dünyasının inkişafına, birliyinə xidmət edəcəyi vurğulanıb. Azərbaycan Prezidenti ilə görüşlərini məmnunluqla xatırlayan Ersin Tatar Türk Dövlətləri Təşkilatının Şuşa şəhərində keçiriləcək qeyri-rəsmi Zirvə toplantısına dəvətə görə dövlətimizin başçısına təşəkkürünü bildirdi və ölkəmizə ikinci dəfə səfər etdiyini deyib. Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti imzalanacaq Qarabağ Bəyannaməsinin əhəmiyyətini qeyd edib. O, Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə toplantıları ilə bərabər, qeyri-rəsmi Zirvə toplantılarının keçirilməsi təşəbbüsünü yüksək qiymətləndirdi. Bunun mütəmadi xarakter alacağına, Türk dövlətləri arasında əməkdaşlığın və tərəfdaşlığın daha da inkişafına əsaslı töhfə verəcəyinə əminliyini bildirib. Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti bu Zirvə toplantısının nəqliyyat, əlaqələr və iqlim fəaliyyəti kimi çox aktual məsələlərə həsr olunduğunu vurğulayıb. Ersin Tatar 2022-ci ilin noyabrında Səmərqənddə keçirilmiş Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında Şimali Kipr Türk Cümhuriyyətinin bu təşkilatda müşahidəçi statusunu almasından sonra əlaqələrin inkişafından məmnunluğunu bildirib. Göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə edən Ersin Tatar vurğulayıb ki, dəfələrlə o öz bəyanatlarında da bu məsələləri qeyd edib və Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi həmrəyliyə, dostluğa, qardaşlığa və dəstəyə görə təşəkkürlərini bildirib. Azərbaycan Respublikasının Milli Məclisində Şimali Kipr ilə dostluq qrupunun yaradılmasını vacib addım kimi dəyərləndirən Ersin Tatar Azərbaycan Mədəniyyət Günlərinin ölkəsində keçirilməsini məmnunluqla qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bizim.Media