Siyasət
İranda azərbaycanlının prezident seçilməsi nə vəd edir?
"Daxili siyasətdə ictimai gərginlikləri azaltmaq, normallaşma üçün Pezeşkianın prezident olması vacib amildir".
Qaynarinfo-ya açıqlamasında bunu konfliktoloq Azər Hüseynov Məsud Pezeşkianın prezident seçkilərində qələbəsindən sonra İranda nələrin dəyişə biləcəyi məsələsinə toxunarkən deyib.
Ekspert bildirib ki, Pezeşkian da İran xarici siyasətinin ana xəttlərinə sadiq qalacaq:
"Pezeşkianın seçilməsi İran dərin dövlətinin qəfil qərarı hesab edilə bilər. Daxili siyasətdə ictimai gərginlikləri azaltmaq, normallaşma üçün Pezeşkianın seçilməsi vacib amildir. O, islahatçı qanadın nümayəndəsidir. Lakin İranda xarici siyasətin ana xətlərini prezident deyil, ali dini rəhbər müəyyən edir. Xamnei də Pezeşkian kimi türkdür. Xamnei ali hakimiyyətdir. Hər halda, Pezeşkian da İran xarici siyasətinin ana xəttlərinə sadiq qalacaq. O, çox gözəl bilir ki, Xamneinin iradəsi xaricində seçilməyib. Onu seçki marafonuna buraxanda arxa baxçada ondan bir sıra öhdəliklər alıblar. Dünya praktikasında ölkələri heç vaxt islahatçılar gücləndirməyib. Onlardan sonra bir mühafizəkar dalğası gəlib".
Azər Hüseynov Pezeşkianın fəalliyyətini xarici siyasətdən daha çox daxili problemlərə yönəldəcəyini düşünür:
"Amma ölkəmizdə onun türk olmasına çox ümidlənənlər bilməlidir ki, son nəticədə Pezeşkian iranlıdır. Ona görə öz dövlətinin maraqlarını müdafiə edəcək".
Qeyd edək ki, İranda keçirilən prezident seçkisnin ikinci turunda islahatçı namizəd Məsud Pezeşkian səslərin 53,6 faizini toplayaraq qalib gəlib. Onun rəqibi, mühafizəkar qanadın nümayəndəsi Səid Cəlili isə 44,3 faiz səs toplayıb.
Rüfət Sultan