Siyasət

Ermənilər bu dəfə “Qarabağ” mahnısını OĞURLADI

Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı musiqi əsərinin erməni ifaçı Gor Yepremyan tərəfindən “Sirun jan” adı altında mənimsənilərək ifa edilməsi və Youtube-da yayılması faktı Əqli Mülkiyyət Agentliyində araşdırılıb. Bizim.Media xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.  Bildirilir ki, agentliyin ekspertləri Azərbaycanın xalq artistləri, bəstəkarlar Faiq Sücəddinov və Eldar Mansurov növbəti erməni oğurluğuna dərhal reaksiya veriblər. Onların təhlilinə əsasən müəyyən edilib ki, B.Nəsibovun “Qarabağ” əsəri muğamın çahargah ladında yazılıb və erməni ifaçının səsləndirdiyi “Sirun jan” adlı mahnı B.Nəsibovun “Qarabağ” əsəri ilə tam üst üstə düşür. Ermənilər isə mahnını özününküləşdirməyə çalışırlar. Ekspertlər bir daha təsdiq edirlər ki, B.Nəsibovun “Qarabağ” əsərinin adı ermənilər tərəfindən “Sirun jan” adı ilə dəyişdirilərək təhrif edilib. “Qarabağ” adlı mahnı Azərbaycan bəstəkarı Bəhram Nəsibovun ən məşhur mahnılarından biridir. Musiqisi və sözləri Bəhram Nəsibova aid olan bu mahnı 1972-ci ildə Əqli Mülkiyyət Agentliyində (Agentlik həmin vaxt Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan Respublikası Şöbəsi adlanırdı) qeydiyyata alınıb və Azərbaycan musiqisi kimi tanınır. Əsər ilk dəfə Arif Babayev tərəfindən 1972-ci ildə ifa edilib. Məlumatda qeyd olunub ki, yutub kanalında yerləşdirilmiş “Sirun jan” adlı musiqi əsəri haqqında verilən məlumatda Bəhram Nəsibovun adı göstərilməməklə müəllifin şəxsi hüquqları və əmlak hüquqları pozulub. Bu hal eyni zamanda milli qanunvericiliyin müddəaları ilə yanaşı, həm də Azərbaycan və Ermənistanın üzvü olduğu Ümumdünya Əqli Mülkiyyət Təşkilatını (ÜƏMT) təsis edən Konvensiyanın 3-cü maddəsinin tələbinin pozulmasıdır. Həmçinin Azərbaycan və Ermənistanın iştirakçısı olduqları “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern konvensiyasının, ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsinin və İfalar və Fonoqramlara dair Müqaviləsinin müddəalarının pozulmasıdır. Agentlikdən həmçinin bildirilib ki, Azərbaycan xalqına məxsus olan  əsərlərin mənimsənilməsi halları ilə bağlı onların Azərbaycan xalqına məxsus olmasını danılmaz faktlarla sübut edən arayışlar hazırlanır, kütləvi informasiya vasitələrində yayılır. Bizim.Media