Siyasət

İran-Azərbaycan münasibətlərində YENİ ERA - Pezeşkiandan siyasi-iqtisadi konsepsiya gözləməliyikmi?

İranda 14-cü prezident seçkilərinin ikinci turunun nəticələrindən sonra islahatçı namizəd, cənubi azərbaycanlı Məsud Pezeşkian İslam Respublikasının 9-cu prezidenti seçilib. Pezeşkianın seçkilərdə Azərbaycan amilinə ciddi yer verməsi gələcək dövr üçün müəyyən siqnallar ötürür. Bunu da unutmamalıyıq ki, Azərbaycan-İran münasibətlərində kəskin dövr onsuz da arxada qalıb.  Bəs Pezeşkianın prezident seçilməsi münasibətlərin müsbət istiqamətdə daha pik mərhələyə çatacağından xəbər verirmi? VI çağırış deputatı Hikmət Babaoğlu mövzunu Bizim.Media-ya belə şərh edib.  

O bildirib ki, Pezeşkianın İranda islahatçı siyasi qanadı təmsil etməsi ilə bağlı ümumi rəyə bir qədər ehtiyatla yanaşmaq lazımdır: “Çünki nəticə etibarilə bu ölkədə mövcud olan siyasi cərəyanların hamısı bir qədər şərtidir və vahid teokratik sistemin tərkib hissəsidir. Ona görə də Məsud Pezeşkian həyata keçirdiyi islahatlarda İran daxilində nə qədər effektiv olacaqsa, Azərbaycanla münasibətlərdə yeni səhifə açmaqda da bir o qədər uğurlu olacaq. Məsələ ondadır ki, İran kimi olduqca mürəkkəb etnik və ideoloji sosiologiyaya malik olan bir ölkədə ilk seçkidə 53 faizdən çox səs toplamaq bir siyasətçi üçün çox böyük nailiyyətdir. Ancaq bu kütləvi dəstəyi siyasi dividentə çevirmək və onu idarəetmədə tətbiq etmək hörmətli Pezeşkianın prosesləri idarəetmə bacarığından asılı olacaq. Ümid edirik ki, Pezeşkian bütün bunların öhdəsindən gələ biləcək”. Pezeşkiandan yeni siyasi-iqtisadi konsepsiya gözləməliyikmi?  H.Babaoğlu qeyd edib ki, Pezeşkiandan yeni siyasi-iqtisadi konsepsiya gözləmək İranın indiki şərtlərində bir qədər reallıqdan uzaqdır: “Ona görə də biz daha dəqiq təhlili Pezeşkianın fəliyyətinin ilk 100 günlüyündən sonra apara biləcəyik. Arzumuz isə odur ki, Məsud Pezeşkian ilk rəsmi səfərini dost və qardaş Azərbaycana etməklə İran – Azərbaycan münasibətlərində yeni bir ənənə yaratsın. Çünki regionda İranın Azərbaycandan daha yaxın dostu və müttəfiqi ola bilməz”. Məhərrəm Əliyev, Bizim.Media