Siyasət
İlham Əliyevin Pakistan səfərində hansı məsələlər müzakirə olunacaq? (ŞƏRH)
"İki ölkə arasında hərbi sahə üzrə əməkdaşlığın genişləndirilməsi ehtimalı yüksəkdir".
Bunu Qaynarinfo-ya politoloq Abutalıb Səmədov Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 11-12-də Pakistana olacaq rəsmi səfərini şərh edərkən deyib.
"Azərbaycanla Pakistan arasında münasibətlər kifayət qədər yüksək səviyyədədir. İslamabad daim Azərbaycanın yanında olub, ona əlindən gələn köməyi edib. Bu özünü xüsusilə də 44 günlük müharibə dövründə göstərdi. Pakistanın baş naziri Azərbaycanda səfərdə olub. Azərbaycan Prezidentinin Pakistana səfəri ölkəmiz üçün çox mühüm hadisədir. Burada hansı sənədlərin imzalanacağı və hansı sahələr üzrə əməkdaşlığın genişlənəcəyi barədə ehtimallar irəli sürə bilərik. Çünki həmin sənədlər ictimaiyyətə təqdim olunmayıb. Yalnız imzalanandan sonra həmin sənədlərlə tanış olmaq imkanı yaranacaq. İlk növbədə iki ölkə arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsinə ehtiyac var. Məlumdur ki, Ermənistan Hindistanla hərbi sahədə sıx əməkdaşlıq edir", deyə Abutalıb Səmədov bildirib.
Ekspert qeyd edib ki, Azərbaycanın da Pakistanda istehsal olunan müasir silahlara ehtiyacı var. Bu sahə üzrə əməkdaşlığın genişləndirilməsi ehtimalı yüksəkdir. Ekspertə görə, iqtisadi sahədə də əməkdaşlıq məsələləri müzakirə predmeti olacaq:
"Ticarət dövriyyəsinin artırılması da hər iki dövlətin qarşısında duran əsas məsələlərdəndir. Pakistan Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdür. Azərbaycan da təşkilatda müşahidəçi statusunda təmsil olunmaq istəyir. Ancaq Hindistan buna mane olur. Pakistanın bu istiqamətdə Bakıya göstərə biləcəyi kömək məsələsi də güman ki, görüşdə müzakirə olunacaq".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 11-12-də Pakistana rəsmi səfəri gözlənilir. Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində İlham Əliyev Pakistan Prezidenti Əli Zərdari və baş nazir Şahbaz Şəriflə görüşlər keçirəcək. Tərəflər ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq doğuran sahələr üzrə geniş müzakirələr aparacaq. Səfər zamanı bir sıra sazişlərin və memorandumların imzalanması gözlənilir.
Rüfət Sultan