Siyasət

Prezidentlərin telefon danışığı: "Bakı münasibətlərin yaxşılaşdırılmasında maraqlıdır"

"İlham Əliyevin Məsud Pezeşkiana telefon zəngi Bakının münasibətlərin daha da yaxşılaşdırılmasında maraqlı olduğunun bir ifadəsidir".   Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin İranın yeni seçilən dövlət başçısı Məsud Pezeşkianla telefon danışığını şərh edərkən deyib. Azər Hüseynov bildirib ki, İran və Azərbaycan qonşu, strateji tərəfdaş ölkələrdir: "İran uzun əsrlər Azərbaycan türklərindən olan sülalələr tərəfindən idarə olunub. Daha sonra İran siyasi tarixində və xüsusi ilə hüquqi demokratiyanın yaranmasında Azərbaycan türklərinin rolu böyük olub. Burada Səttar Xanı, Şeyx Məhəmməd Xiyabanini də qeyd etmək olar. İranın inqilabdan sonrakı rəhbərliyində də Azərbaycan türklərinin çəkisi həmişə güclü olub. Lakin qarşılıqlı münasibətlər tariximizdə ara-sıra problemlər də yaşanıb. Bunun da əsas səbəblərindən biri İranın Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanla münasibətlərinin xarakteri idi. Ancaq istər Heydər Əliyev, istərsə də İlham Əliyev İranla normal və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişafında maraqlı olduqlarını bəyan ediblər".    Ekspert bildirib ki, İbrahim Rəisi ilə son imzalanan sənədlər də bunun bariz nümunəsidir: "Hər iki tərəf daha sonra da qarşılıqlı əhdlərə sadiqlik nümayiş etdiriblər. Bu mesajların verilməsindən ən narahat olan ölkə ilk öncə Ermənistandır. Daha sonra Qərb və Azərbaycanın  qonşuları ilə normal münasibətlərinin olmasını istəməyən qüvvələrdir. İlham Əliyev praqmatik siyasət yürüdür. Onun siyasətinin əsasını türk dünyası ilə inteqrasiya, eyni zamanda, bölgə oyunçuları ilə normal münasibətlərin qurulması təşkil edir". Bu baxımdan ekspertə görə, İlham Əliyevin Məsud Pezeşkiana zəng etməsi münasibətlərin daha da yaxşılaşdırılmasında maraqlı olmanın bir ifadəsidir:  "Azərbaycan beynəlxalq tranzitin önəmli nöqtəsidir. Bunlardan da biri şimal və cənub xəttidir. Artıq müharibə bitib. Nəhəng iqtisadi layihələr zamanıdır. Bunu isə ancaq regional güclərlə qarşılıqlı hörmət və mənfəətə əsaslanan siyasətin yürüdülməsi ilə təmin etmək olar".  Qeyd edək ki, iyulun 9-da Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana zəng edib. Tərəflər gələcəkdə də iki ölkə arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildiriblər. Söhbət zamanı ortaq dini-mədəni köklər, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-İran əlaqələrinin bundan sonra da genişlənəcəyinə və müxtəlif sahələri əhatə edən əməkdaşlığımızın inkişaf edəcəyinə əminlik ifadə olunub. Prezidentlər ölkələrimiz arasında indiyədək əldə edilmiş razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.  Onu da vurğulayaq ki, Azərbaycanın İrandakı səfirliyi 15-20 günə işini bərpa edəcək. Bu barədə İslam respublikasının XİN rəsmisi Müctəba Dəmirçilu yerli KİV-ə bildirib. Dəmirçilunun sözlərinə görə, ölkədə yeni hökumət formalaşandan sonra İranın Azərbaycana yeni səfir təyinatı məsələsinə baxılacaq.  Rüfət Sultan