Siyasət
Azərbaycana BRİKS lazımdırmı?..
Əvvəlcə belə deyildi ki, Türkiyə BRİKS-ə üzv olmaq istəyir. İndi dövriyyəyə başqa bir siyasi hipotez buraxılıb: guya ki, Azərbaycan da bu təşkilata üzv olmaq niyyətindədir.
Əlbəttə, başa düşürük, dünyada geosiyasi mübarizə gedir, elə Azərbaycan özü də boş dayanmır, dünya müstəvisində daha da möhkəmlənmək üçün ciddi geosiyasi axtarışdadır. Ötən həftə maraqlı və həm də bir az təəccüblü bir olay baş verdi: Bakı da NATO-nun Vaşinqton sammitinə qatıldı.
Biz daim qeyd etmişik ki, əslində ölkəmiz NATO ilə ciddi əməkdaşlıq etmək üçün Cənubi Qafqazın ən hazırlıqlı dövlətidir, çünki burada Ermənistanda olduğu kimi Rusiya hərbi bazaları yoxdur, ərazimizin bir hissəsi Gürcüstanda olduğu kimi Moskvanın nəzarətində deyil, üstəlik, Azərbaycan nəinki Ermənistandan, hətta Gürcüstandan iqtisadi cəhətdən qat-qat üstün və perspektivli ölkədir. Amma Vaşinqton sammitinə dəvət ona görə təəccüblü idi ki, rəsmi Bakı dəfələrlə bəyan edib ki, onun Aİ-yə və NATO-ya inteqrasiya olunmaq planları yoxdur. Amma bununla belə bəzi məqamlar var ki, onlar Azərbaycanın NATO-dan, Qərbdən tamam uzaq olamyan ölkə olmadığını deməyə əsas verir.
Birincisi, Azərbaycan bu yaxınlarda ordusunu tamam Türkiyə standartlarına keçirmək istəyir, bu isə elə NATO standartları deməkdir və belə nəticəyə gəlmək olar ki, Bakı dolayı yolla olsa da, NATO standartlarını qəbul edir. İkincisi, ötən həftə Azərbaycan prezidentinin Pakistana çox uğurlu səfəri baş tutdu və hamı bilir ki, İslamabad qardaş Türkiyədən sonra Azərbaycanın ən yaxın müttəfiqi sayılır və Azərbaycana həqiqətən də səmimi münasibət bəsləyən müsəlman ölkəsi hesab edilir. Bircə faktı qeyd edək ki, Pakistan Azərbaycana qarşı təcavüzkar siyasət apardığına görə Ermənistanla hələ də diplomatik münasibət qurmayan üç ölkədən biridir.
Amma Pakistan məsələsi başqa aspektdən də maraqlıdır. Məsələ bundadır ki, soyuq müharibə dövründə Türkiyə və Pakistan Qərbin əsas hərbi plastdarmları hesab edilirdi. O vaxtdan, əlbəttə, çox dəyişib və dəyişməkdədir. Amma Türkiyə indi də NATO-nun aparıcı ölkələrindən biridir, baxmayaraq, ortada müəyyən narazılıqlar var, NATO-nun hətta növbəti sammtinin İstanbulda keçirilməsi haqqında söhbətlər də gəzir.
Dost və qardaş Pakistana gəldikdə isə, biz bu ölkənin geosiyasi meyllərinin bütün təfərrüatlarını bilmirik, amma belə hesab edirik ki, İslamabad digər təşkilatlarla, dövlətlərlə müqayisədə NATO-ya və ümumilikdə Qərbə bir köynək yaxın ölkədir. Ona görə də sual yaranır: Türkiyə və Pakistanla bir olmaq NATO, ABŞ və Qərb ilə bir müstəvidə olmaq deyilmi? Əslində belə olmadır. Amma Bakının Şnaxay Əməkdaşlıq Təşkilatına, indi də BRİKS-ə maraq göstərməsi o deməkdir ki, tam şəkildə belə də deyildir.
BRİKS-lə bağlı onu deyək ki, bu təşkilatın aparıcı üzvlərindən biri də Hindistandır. Birincisi, bizim ən yaxın müttəfiqlərimizdən biri olan və Azərbaycan prezidentinin ötən həftə səfər etdiyi Pakistan Hindistanla çox gərgin münasibətlərdədir. İkincisi, Hindistanın Ermənistanla çox isti münasibətləri var və Dehli nəinki İrəvana silah satan əsas ölkələrdən biridir və hətta onun İrəvanla geosiya oxlar qurmağa çalışdığı haqqında söhbətlər də gəzir. Əlbəttə, belə demək olar ki, Hindistan özünün elə də keyfiyyətli olmayan silahlarını satmaq üçün bazar axtarır və bunun üçün də Ermənistanı seçib. Olsun. Amma üçüncü məqam da var.
Hələ dəqiq bilinmir ki, BRİKS özündə nəyi ehtiva edir – bizim təhlilçilər deyir ki, guya bu, sırf iqtisadi təşkilatdır. Üstəgəl, biz onu da qeyd etməyi lazım bilirik ki, ona maraq göstərən təkcə Bakı deyil, son vaxtlar 40–a yaxın ölkə BRİKS-ə üzv olmaq niyyətində olduğunu bildirib. Amma bir daha sual yaranır: bəs bu marağın mayasında nə dayanır?
Biz onu bilirik ki, BRİKS ABŞ-ın Avstraliya və Yaponiya ilə hərbi–siyasi koalisiya yaratmaq cəhdlərinə cavab olaraq meydana çıxıb. Bütün hallarda, o, ABŞ-a və Qərbə dost təşkilat deyil, hətta gələcəkdə onun güclü geosiyasi Şərq koalisiyası olacağını deyənlər də var. Amma yenə də sual yaranır: Ermənistanın ABŞ-la, Qərblə əlaqələr qurmaq üçün intensiv şəkildə çalışdığı bir vaxtda bizim eyni intensivliklə "özümüz”ə Şərqdə, ABŞ-la və Qərblə dost olamyan geosiyasi düşərgələrdə yer axtarmağa çalışmağımız nə qədər adekvat siyasətdir? Doğrudanmı, Qərb bizim üçün bu qədər cazibəsini itirib?
Hüseynbala Səlimov