Siyasət
Azərbaycanın strateji tərəfdaşlıq müqaviləsi bağladığı ölkələr içində nədən Aİ və ABŞ yoxdur?
"Bu, əslində Avropa İttifaqına daxil olan ölkələr və ABŞ-ın Azərbaycanla münasibətlərindən irəli gələn məsələdir".
Bunu Qaynarinfo-ya hüquqşünas Qulamhüseyn Əlibəyli Azərbaycanın bir sıra ölkələrlə strateji tərəfdaşlıq müqavilələri bağladığı halda, həmin siyahıda Aİ ölkələri və ABŞ-ın olmaması səbəbindən danışarkən deyib:
"Qərbdə əksər ölkələr Azərbaycanın qələbəsini həzm edə bilmir. Onlar ermənipərəst mövqe tutur. Düzdür, Böyük Britaniya vaxtilə Azərbaycana münasibətdə müəyyən neytral mövqe tutub. Lakin onlar da ayrı-ayrı hallarda erməniləri müdafiə edən bəyanatlarla çıxış edir. Əslində Qərbin böyük ölkələrinin strateji tərəfdaşları başqa istiqamətdədir. Onlarda strateji tərəfdaşlıq anlayışı digər ölkələrə münasibətdə təsir göstərmək məqsədi güdən bir anlayışdır. Ona görə də hesab edirəm ki, həmin ölkələr təkcə Azərbaycanla yox, başqa ölkələrlə də strateji tərəfdaşlıq haqqında müqavilə imzalamayıblar. Çünki Qərb ölkələri hesab edir ki, onların əsas strateji tərəfdaşı ABŞ-dır", deyə Qulamhüseyn Əlibəyli bildirib.
Həmsöhbətimizə görə, ABŞ da məhz onlara təzyiq göstərmək məqsədilə bu əməkdaşlığı həyata keçirir:
"Ona görə də Qərb üçün Azərbaycan kimi ölkələrə bu cür yanaşma məqbul hesab edilmir. Qərbdə hesab edirlər ki, Cənubi Qafqaza daxil olub, bu və ya digər vasitələrlə Azərbaycan siyasətinə təsir göstərib, ölkəmizi bir növ özlərinə tabe etdirə biləcəklər. Bu nöqteyi-nəzərdən də onlar ölkəmizlə strateji tərəfdaşlığa maraq göstərmir. Azərbaycan da onların siyasətini bildiyindən özünə daha çox tərəfdaş ola bilən ölkələri axtarıb tapır və onlarla saziş imzalayır. Onlar arasında da ölkəmizin ən böyük strateji tərəfdaşı Türkiyədir. Yəni hər bir ölkə özünə uyğun olan ölkə ilə strateji tərəfdaşlığa meyil edir".
Qeyd edək ki, Azərbaycan hazırda Türkiyə, Rusiya, Çin, İsrail, Pakistan, Misir və Mərkəzi Asiyanın bir sıra ölkələrilə strateji tərəfdaşlıq haqqında müqavilələr imzalayıb. Bu sırada xüsusən də Bakı ilə Ankara arasında 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi mühüm yer tutur. Bundan başqa, Azərbaycan 2022-ci ildə Rusiya ilə də anoloji müqavilə imzalayıb. Amma nədənsə Azərbaycanın dünyanın super gücü ABŞ və aparıcı iqtisadi məkan olan Avropa İttifaqı ölkələrilə strateji tərəfdaşlıq müqavilələri yoxdur.
Rüfət Sultan