Siyasət
"Azərbaycan neomüstəmləkəçiliyə qarşı mübarizədə liderdir" - Ekspert
"Azərbaycan neomüstəmləkəçiliyə qarşı mübarizədə ardıcıldır və bu mübarizənin önündə gedir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural İsmayılov Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupundan olan partiya və müstəqillik hərəkatı üzvlərinin Bakıda keçirilən birinci qurultayının əhəmiyyətindən danışarkən deyib.
Ekspert bildirib ki, Azərbaycan müstəmləkəçiliyə qarşı mübarizədə daim prinsipial mövqe sərgiləyib:
"Bu məsələdə Azərbaycanın çox dəqiq, aydın konturları və mövqeləri mövcuddur. Heç bir halda dünya xalqlarının neomüstəmləkəçilikdən əziyyət çəkməsini istəmirik. Prosesdə Bakı Təşəbbüs Qrupunun önə çıxması və Azərbaycanın bütün beynəlxalq platformalarda müstəmləkəçiliyə məruz qalan xalqların azadlıq ideyalarının qorunmasına verdiyi töhfələr qlobal siyasi münasibətlər sistemində də açıq müşahidə edilən tendensiyaları özündə ehtiva edir. Hər halda Azərbaycan dünyanın neomüstəmləkəçiliyə göz yumduğu, susduğu bir zamanda problemin yara olaraq qlobal münasibətlər sistemində qalmasını istəmir. Azərbaycan bu tədbirlə göstərir ki, neomüstəmləkəçiliyə qarşı mübarizədə ardıcıldır və lider olaraq bu mübarizənin önündə gedir".
Qeyd edək ki, Bakıda Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə birinci qurultayı keçirilir. Qurultayın ilk günündə çıxış edən Qvadelupanın Azadlığı Uğrunda Xalq Birliyinin sədri Jan Yakob Bisep bildirib ki, Fransa müstəmləkə şəraitində yaşayan xalqlara qarşı cinayətlərin törədildiyi bir dövlətdir:
"Bizim azadlıq istiqamətində aydın məqsədlərimiz var. Bu konfrans həmçinin bizə imkan verəcək ki, azadlığa daha da yaxın olaq. Bu hərəkat bizi birləşdirir və bizim bir araya gəlməyimizdə böyük əhəmiyyətə malikdir. Beynəlxalq cəmiyyət bizim xalqların, daha doğrusu müstəmləkə şəraitində yaşayan xalqların çəkdiyi əzabları dərk etməlidir. Biz bu çətin yolda həmrəyliyi gücləndirərək, iradəmizi ortaya qoyaraq mübarizəmizi davam etdirəcəyik".
Rüfət Sultan