Siyasət

YAP-ın namizədlərindən kimlərin qazanmaq şansı daha çoxdur? – TƏHLİL

Xəbər verdiyimiz kimi ötən gün Yeni Azərbaycan Partiyası VII çağırış Milli Məclisə seçkilərlə bağlı öz namizədlərinin siyahısını açıqlayıb. Partiya bu dəfə 125 seçki dairəsinin hər birindən namizəd irəli sürüb. Bu da onu göstərir ki, YAP seçkilərə çox ciddi hazırlaşır və bu dəfə parlamentdə daha çox yer qazanmaq istəyir. YAP bu dəfəki parlamentdə neçə mandatla təmsil oluna bilər? Nəzərə alaq ki, son 30 ildə YAP Milli Məclisdə bir qayda olaraq böyük üstünlüklə təmsil olunub.  Məsələn, IV çağırışda partiya 71, V çağırışda 72, VI çağırışda isə 70 mandat qazanıb.  Göründüyü kimi hər dəfə parlamentdə səs çoxluğu bir qayda olaraq YAP-ın əlində olub. YAP-la müqayisədə digər partiyalar çox zəif nəticə göstəriblər. Məsələn, IV çağırışda digər partiyalar cəmi 13, V çağırışda 12 və VI çağırışda isə 12 yer qazanıb. Qalan mandatlara isə bitərəflər sahib çıxıblar. Son 3 parlament seçkilərinin nəticələri bir-birinə çox yaxındır. Ona görə də bu dəfəki seçkilərdə qeyri-adi hadisənin baş verəcəyi gözlənilən deyil. Ola bilsin ki, digər partiyalar bu dəfə 15 mandat qazansın. Bitərəflər bir qədər az yer tutsun. Amma YAP yenə də ən azı 70 mandat qazanacaq. Bəs elə isə YAP-ın 125 namizədindən kimlər mandat qazana bilər? Təbii ki, YAP-ın bu dəfəki siyahısında xeyli sayda yeni adlar var və onların çoxu yəqin ki, seçkilərə mandat üçün yox, təcrübə qazanmaq üçün qatılıb. Amma YAP-ın əsas funksionerləri yəqin ki, növbəti dəfə parlamentdə təmsil olunacaq. Bu ilk növbədə nüfuz və prinsip məsələsidir. Ona görə də partiyanın ilk 6 dairədən sürdüyü namizədlərin qalib gələcəyi şəksizdir. Bundan başqa  partiyanın digər dairələrdən irəli sürdüyü bir çox namizədlərin də qalib gələcəyi gözləniləndir. Məsələ, Əli Əhmədovun, Sevinc Fətəliyevanın, Mixail Zabelinin, Aydın Hüseynovun, Naqif Həmzəyevin, Musa Quliyevin, Müşviq Cəfərovun, Hicran Hüseynovanın, Tahir Mirkişilinin, Heydər Əsədovun, İlham Məmmədovun, Əli Hüseynovun, Aydın Mirzəzadənin, Müşviq Məmmədlinin, Ağalar Vəliyevin, Azər Badamovun, Sadiq Qurbanovun, Əhliman Əmiraslanovun, Kamal Cəfərovun, Malik Həsənovun, Elman Nəsirovun, Cavanşir Paşazadənin, Anar İskəndərovun, Rəşad Mahmudovun,Səyyad Aranın, Tahir Rzayevin, Anar Məmmədovun, Xanlar Fətiyevin, Fatma Yıldırımın, Mübariz Qurbanlının, Sahibə Qafarovanın, Nizami Cəfərovun, Səməd Seyidovun, Nəsib Məhəməliyevin, Asif Əsgərovun, Vüqar İskəndərovun, Eyvaz Qurbanovun, Elman Məmmədovun, Ceyhun Məmmədovun və İmamverdi İsmayılovun  bu seçkilərdə qalib gələcəyi daha real görünür.  Kimlər mandat qazanmaya bilər? Yəqin ki, seçkilərə ilk dəfə qatılanların bir çoxu mandatsız qalacaq. Maraqlıdır ki, bəzi dairələr üzrə verilən namizədlər barədə çox az məlumat var. Bu namizədlərin çoxu da digər partiya liderlərinin və ictimai xadimlərin namizəd olacağı dairələrdən seçkilərə qatılacaq. Məsələn, Novruz Aslanovun davamlı olaraq hər dəfə deputat seçildiyi dairədən YAP-ın namizədi Xavər Allahverdiyeva, Qüdrət Həsənquliyevin ötən dəfə deputat seçildiyi dairədən Nərminə Hacıyeva, Azay Quliyevin sonuncu dəfə seçildiyi dairədən Həcər Mirzəyeva, Fazil Mustafanın seçildiyi dairədən Afaq Hacıyeva, Asim Mollazadənin seçildiyi dairədən Xaliq Hüseynov, Razi Nurullayevin seçildiyi dairədən İsrafil Məmmədov, Rasim Musabəyovun seçildiyi dairədən Nizami Babaşov və Rüfət Quliyevin seçildiyi dairədənsə Əlimərdan Əliyevun  mandat qazanmaq şansı çox azdır.  Bundan əlavə hər dəfə parlamentdə 40-dan çox bitərəf təmsil olunur. Yəqin ki, bu dəfə də tarix təkrarlanacaq və YAP-ın namizəd irəli sürdüyü bir çox dairələrdən bitərəflər qalib olacaq. Bir sözlə, YAP bu dəfəki parlament seçkilərinə çox iddialı qatılsa da, onun 72-73 mandat qazanacağı daha real görünür. Surxay Atakişiyev, Bizim.Media