Siyasət

NATO-nun süngülərində təklif olunan “SÜLH” – ABŞ-ın Cənubi Qafqaz planı ÜZƏ ÇIXDI

Öz dövlətinin inkişafını və rifahını başqa ölkələrin faciəsi üzərində quran ABŞ öz ənənəsindən əl çəkmir. Ağ Evdə və Pentaqonda hər gün yeni bir müharibə ocağının ssenarisi yazılır. Bu müharibələr hesabına “parçala hökm sür” siyasəti həyata keçirən Amerika dağılan və məhv edilən ölkələrin hesabına öz büdcəsinə milyardlar axıdır.  Təsadüfi deyil ki, Vaşinqton 2024-cü ildə Federal büdcədən dünyadakı əsas münaqişə ocaqlarının daha da qızışdırılması üçün Ukrayna, Yaxın Şərq və Tayvana 96 milyard dollar yardım ayırıb. Bu yardımlar ilk baxışdan dəstək kimi görünsə də, mahiyyətcə həmin ölkələri müharibənin daha dəhşətli dərinliklərinə çəkmək məqsədi daşıyır.  

ABŞ yeni müharibə ocaqları yaradır Bu ölkə üçün müharibələr bir biznesdir. Ona görə də ABŞ dünyada daha çox münaqişə zonasının yaradılmasında maraqlıdır. Çünaqişələr də əsasən Vaşinqtona boyun əyməyən, Ağ Evdəkilərin siyasi maraqlarına xidmət etməyən ölkələrə qarşı yönəlib.  Çox təəssüf ki,bu bədnam siyahıda Cənubi Qafqaz da var. Çünki 44 günlük müharibənin nəticələrinin müəyyən edilməsində ABŞ-ın heç bir iştirakı və rolu olmadı. Baxmayaraq ki, Qarabağ münaqişəsinin “həlli üçün” yaradılan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ 25 il ərzində heç bir əməli fəaliyyət göstərmədi. Ona görə də öz ərazi bütövlüyünü və suveren hüquqlarını Azərbaycan qlobal güclərin yox, öz imkanları və qətiyyəti hesabına həll etdi.  Təbii ki, Azərbaycanın bu qətiyyəti Ağ Evdəkiləri heç cür razı sala bilməzdi. Ona görə də 10 noyabr Bəyannaməsinin icrasına ABŞ açıq şəkildə əngəl oldu. Və hətta münaqişənin yenidən alovlanmasına hər vasitə ilə yardım etməyə çalışdı. Təbii ki, bu məsələdə Vaşinqton daha çox Ermənistana “stavka” etdi. Dini və saxta erməni təəssübkeşliyini irəli sürən Amerika Ermənistanı qızışdırmaqla kifayətlənmədi, həm də bu ölkəyə hərbi və digər yardımlar etdi.  Son 4 ildə ABŞ Ermənistanda 13 hərbi-bioloji laboratoriya yaradıb.  Bu laboratoriyada dəhşətli bioloji sınaqlar həyata keçirilir. Bundan başqa Vaşinqton Ermənistana davamlı olaraq maliyyə və hərbi yardımlar edir. Eyni zamanda, iki ölkənin birgə hərbi təlimləri keçirilir. Sonuncu dəfə belə hərbi təlim iyulun 15-də başlayıb. “Eagle Partner 2024”adlanan hərbi təlimlər 10 gün davam edəcək və iyulun 24-də başa çatacaq. Təlimdə Ermənistan Silahlı Qüvvələrinin bölmələri və ABŞ-ın Avropa və Afrikadakı Quru Qoşunlarının və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edir.  Hərbi təlimlərin sülhməramlı məqsəd daşıdığı deyilsə də, hədəf başqadır. Hədəf müxtəlif yollarla ABŞ hərbçilərini Ermənistana yerləşdirmək və gələcəkdə onlardan qonşu dövlətlərə qarşı hərbi müdaxilədə yararlanmaqdır. Nəzərə alaq ki, bu ilk birgə hərbi təlim deyil. Bundan əvvəlki təlimdə Amerikanın 100-ə yaxın hərbiçisi iştirak etmişdi. Lakin təlim başa çatandan sonra Amerikalı hərbçiləri Ermənistanda qalıb fəaliyyətlərini davam etdirdilər.  Maraqlıdır ki, Pentaqon budəfəki təlimlərə nə qədər hərbçi cəlb etdiyini açıqlamır. Bu da ondan xəbər verir ki, budəfəki təlim iştirakçıları da Ermənistana getmək üçün yox, qalmaq üçün gəlib. ABŞ Cənubi Qafqazda yeni güc balansı formalaşdırmaq istəyir. Yeni iqtisadi dividendlər üçün ABŞ növbəti münaqişə ocaqları planlayır. Çox təəssüf ki, planlaşdırılan münaqişə ocaqlarından biri də Cənubi Qafqaz ola bilər. Hazırda buna ciddi hazırlıq gedir. Vaşinqtonun hədəfi odur ki, Ermənistanın vasitəsi ilə Cənubi Qafqaza soxulsun. Buradan əzəli rəqibi Rusiyaya daha yaxın olsun. Tədricən Rusiyanın bölgədən, daha dəqiq desək Ermənistandan çıxarılmasına nail olsun.  Bundan sonra isə hədəf Azərbaycan və İrandır. Məlumdur ki, 44 günlük müharibənin nəticələri, ondan sonra keçirilən antiterror əməliyyatları və son nəticədə Azərbaycanın süveren hüquqlarınının, ərazi bütövlüyünün bərpa olunmasında ABŞ-ın payı olmadı. Üstəlik, Ermənistanla Azərbaycan arasındakı ilkin sülh anlaşmasında da Vaşinqton heç bir statusla iştirak etmədi. Üstəlik, son 4 ildə Azərbaycanın regional gücə çevrilməsi Ağ Evdəkilərin planlarına daxil deyil. Onlar qətiyyətli yox, daha üzüyola bir Azərbaycan görmək istəyirlər. Amma reallıqlar bunun əksini göstərir.  Ona görə də Vaşinqton Azərbaycanın qətiyyətini sındırmaq üçün daha həssas yerdən - Ermənistandan hücum planı hazırlayır.  Bu planın çox çirkin məqamları artıq sezilir. Məsələn ABŞ çalışır ki, sülh sazişi layihəsinə ermənilərin Qarabağa qayıdışı məsələsi də əsas bəndlərdən biri kimi salınsın. Bu isə Azərbaycana qarşı ərazi iddiasının yeni formasıdır.  Bundan əlavə, Vaşinqton Ermənistanla Azərbaycan arasında ədalətli və dayanıqlı sülh yox, kövrək və hər an pozulmağa hazır olan sülh sazişi istəyir. Çünki pozulan sülh sazişi müharibəni zəruri edir. Ona görə də ədalətli sülhün bərqərar olması üçün ABŞ Ermənistana təzyiq etmir. Əksinə, bütün vasitələrlə sülh sazişini ertələməyə çalışan Vaşinqton münaqişənin yenidən alovlanması zərurəti də yaratmağa çalışır. Elə Kəlbəcərdə atəşkəsin tez-tez pozulması bunun sübutudur.  ABŞ Cənubi Qafqaza yeni “sülh” gətirmək istəyir Təbii ki, bu məsələdə ABŞ Avropa İttifaqının imkanlarından da yararlanır. Məlum olduğu kimi 2 ildən artıqdır ki, Ermənistanda Aİ-nin “mülki missiyası” fəaliyyət göstərir. Bu missiyanınsa çalışdığı odur ki, münaqişə yenidən qızışsın və 2020-ci ilin 27 sentyabrına olan status-kvo yenidən bərpa olunsun. Münaqişənin “ədalətli” həlli üçün ABŞ və onun Aİ-dəki əlaltılarının iştirakı ilə Cənubi Qafqaza yeni “sülh” gətirilisin. Bu “sülh”sə Qərbin bölgəyə yerləşdiriləcək “sülhməramlıları”nın süngülərinin ucunda olmalıdır.   Məlumdur ki, bir müddət əvvəl Qərb bəyan etmişdi ki, Ermənistanla Azərbaycan arasındakı sərhəddə ABŞ və Aİ-nin, daha konkret desək NATO sülhməramlıları yerləşdirilsin. Lakin Azərbaycanın qətiyyəti hesabına Qərbin bu planı pozuldu.  Amma Qərb hələ də öz niyyətində qalır.  Azərbaycanı təzyiqlər yolu ilə qətiyyətindən döndərmək istəyirlər. Lakin ABŞ və Aİ-nin bütün məkrli planları qarşısında Azərbaycan daha qətiyyətli və əzmkardır. Bunu Prezident İlham Əliyevin “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında da gördük, hiss elədik. Dövlətimizin başçısı açıq şəkildə bəyan etdi:  “Biz bəzən açıq ictimai şəkildə, bəzən də pərdəarxası mesajlarımızı veririk ki, Cənubi Qafqazda Azərbaycanın maraqları təmin edilməlidir, kimsə bizim maraqlarımızı görməzdən gəlməyə çalışsa, əlbəttə ki, onlar yanılacaq və uğursuzluğa düçar olacaqlar”. Surxay Atakişiyev, Bizim.Media