Siyasət
Komitə sədri bu dairədən namizəd olacaq
VI çağırış Milli Məclisin Təhsil komitəsinin sədri Bəxtiyar Əliyev sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək niyyətindədir.
Modern.az-ın məlumatına görə, Komitə sədri 119 saylı Ağdam seçki dairəsindən namizədliyini irəli sürəcək.
Qeyd edək ki, Bəxtiyar Əliyev 2000-ci ildən bu yana Milli Məclisin deputatıdır. Professor 2005–2020-ci illərdə Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, 2020-ci ildən bu yana isə sədridir.
Komitə sədri, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında "Əfv məsələləri üzrə komissiya"nın və "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiya"nın üzvüdür. O, ötən il Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
O, sonuncu seçkilərdə 118 saylı seçki dairəsindən deputat seçilib.
Qeyd edək ki, 119 saylı seçki dairəsindən tanınmış politoloq Elxan Şahinoğlu da namizədliyini irəli sürüb. O, artıq namizəd olmaq üçün lazım olan imzaları toplayıb və Dairə Seçki Komissiyasına təqdim edib.
Komitə sədrinin bu dairədə digər rəqibi Azərbaycan Ordusunun N saylı hərbi hissəsində polkovnik-leytenant rütbəsində xidmət edən məşhur zabit Ramil Səfərovun xanımı Şəbnəm Səfərovadır. O, Qarabağın Tərəqqisi Naminə İctimai Birliyinin sədridir.
Hakim Yeni Azərbaycan Partiyası (YAP) isə 119 saylı Ağdam seçki dairəsindən "Azərişıq” ASC-nin Ağdam Elektrik Şəbəkəsinin rəisi İbrahim Məmmədovun namizədliyini irəli sürüb.