Siyasət

Harrisin ABŞ prezidenti olması Azərbaycan üçün təhlükəlidir? - Politoloq

"Kamala Harrisin ABŞ prezidenti olmasının Azərbaycana təhlükəli olması fikri bir qədər şişirdilmiş ideyadır". Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri ABŞ-da demokratların namizədi Kamala Harrisin prezident olmasının Azərbaycana nə dərəcədə təhlükəli olması barədə suala cavabında deyib. Ekspert bildirib ki, ABŞ kimi hegemon dövlətlərdə konkret bir şəxsin düşüncələrilə dövlət idarə olunmur:  "ABŞ-da dövlət maraqları öndədir. Onlar dövlət maraqları naminə hər kəslə əməkdaşlıq ediblər. Bu günün özündə də həmin istiqamətdə heç nə dəyişməyib. Bu gün demokrat donunu geyinənlər dünyada insan qırğınına yardım və stimul verirlər. Bayden məgər Harrisdən az ermənipərəst idi? Ona da erməni lobbisi, erməni kriminal dairələr yardım edirdi. Amma ötən illər ərzində Bayden belə heç nə edə bilmədi. Məhz Bayden dövründə Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa etdi, Qarabağda separatizmin kökünü birdəfəlik kəsdi. Kamala Harris və onun kimi digərləri gəlib gedə bilər".   Həmsöhbətimiz bildirib ki, Harrisin prezident olmasına fikir vermək lazım deyil: "Fikir veriləcək tərəf varsa, o da biz özümüzük. Kimsə bizim üçün qorxulu deyil". Qeyd edək ki, Amerikanın erməni lobbisi demokratların prezidentliyə namizədi olması gözlənilən Kamala Harrisdən öz maraqları naminə istifadə etməyə çalışır. Amerikadakı ən böyük erməni lobbi təşkilatı olan ANCA onu və Demokratlar Partiyasını şantaj edir. Gələn xəbərə görə, üzdəniraq təşkilat Harrisə qarşı ultimatum irəli sürərək bildirib ki, onların "şərt"lərini yerinə yetirəcəyi təqdirdə Amerika ermənilərinin dəstəyinə arxalana bilər. Bundan başqa, indi onlar ermənilərin ABŞ-ın rəhbərliyi altında Qarabağa qaytarılması üzrə hansısa BMT missiyasının göndərilməsinə nail olmaq istəyirlər.  Xatırladaq ki, Kamala Harris hər zaman ermənipərəst mövqeyi ilə seçilib. Siyasi karyerasına başladığı ilk dövrlərdə 1915-ci il hadisələrinin "erməni soyqırımı" kimi tanınması üçün dəstək verib. O, 2019-cu ildə ABŞ senatında 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıyan qanun layihəsinə imza atıb.  Rüfət Sultan